29 iyun 2015
Bir gün öncə Bakıda yekunlaşan İlk Avropa Oyunlarında yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları, bu gün, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın qəbulunda olublar.
Görüş çərçivəsində, Avropa Oyunlarının nəticələrinə əsasən mükafatlandırma mərasimi keçirilmişdir.
Mərasimdə 1-ci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda mədəniyyət, təhsil, səhiyyə və idmanın inkişafında səmərəli fəaliyyəti, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliği və Avropa Oyunlaının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif olunması haqda Prezident İlham Əliyevin sərəncamı oxundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Avropa Oyunlarında gimnastika növləri üzrə əldə olunmuş nəticələrə, həmçinin ölkədə gimnastikanın inkişafına sərf etdiyi əməyə görə, Azərbaycan Gimnastika Federasiyasının Vitse-prezidenti Altay Həsənovu “Şöhrət” ordeni ilə təltif etdi.
Həmçinin, Avropa Oyunlarının 5 qat mükafatçısı, idman gimnastımız Oleq Stepko da bu şərəfə layiq görülərək, cənab prezidentdən “Şöhrət” ordenini qəbul etdi. Qeyd edək ki, Oleq İlk Avropa Oyunları yarışlarında 5 medal (1 qızıl, 2 gümüş, 2 bürünc) qazanmış yeganə idmançıdır.
Birgə səyləri nəticəsində komanda hesabında bürünc medal qazanmağa müvəffəq olan, Oleqin komanda yoldaşları Eldar Səfərov və Petro Paxnyuk, o cümlədən eyni dəyərdə mükafat əldə etmiş İlya Qrişunin və bədii gimnastikanın zərif nümayəndəsi, gümüş medal əldə etmiş Marina Durunda isə ölkənin “Tərəqqi” medalı ilə təltif olunublar.
Onların məşqçiləri də diqqətdən kənar qalmayıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, məşqçilər Mariana Vasileva, Natalya Bulanova, Anastasiya Prasolova, Kamil Quliyev, Danail Şeytanov, Pavlo Netreba, Rza Əliyev və Uladzimir Şulikinə təqdim edilib.
Fürsətdən istifadə edərək, əldə olunmuş yüksək nailiyyətlər münasibətilə Azərbaycanın bütün idman ictimaiyyətini bir daha təbrik edir, daimi olaraq idmana göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Bugünkü uğurlar məhz bu diqqət və qayğının nəticəsidir.