06 oktyabr 2009
Azərbaycan idmançıları Portuqaliyanın Vila do Konde şəhərində başa çatmış akrobatika gimnastikası üzrə Avropa çempionatında möhtəşəm nəticəyə imza atmışlar. Komandamızın hesabında hər üç əyarlı medal var – “qızıl”, “gümüş”, “bürünc”! Hər üç mükafatı Azərbaycan komandasının hesabına Ayla Əhmədova – Dilarə Sultanova qadın cütlüyü gətirmişdir. Onlar temp çalışmaları üzrə finalda bir çox güclü dueti qabaqlayaraq Avropa çempionları olmuşlar. Əhmədova və Sultanovadan geridə onların əzəli rəqibləri – Alina Yuşko və Katerina Muraşko (Belarus), Florens Henrist və Tatyana de Vost (Belçika), Tatyana Alekseyeva və Natalya Platonova (Rusiya), Yanina Hiller və Sofiya Müller (Almaniya) və s. yer tutmuşlar. Təsnifat yarışlarından sonra lider olan britaniyalı cütlük Mayken Torn – Molli Qrehan, ümumiyyətlə 7-ci yeri tutmuşdur. Balans çalışmaları üzrə finalda Əhmədova və Sultanova gümüş medal əldə etmişlər. Qeyd edək ki, bizim duet təsnifat yarışlarından sonra 6-cı yeri tuturdu. Proqramın bu növündə “qızıl”ı Yuşko və Muraşko, “bürünc”ü isə Henrist və de Vos əldə etmişlər. Avro-2009-un son günündə isə Əhmədova və Sultanova çoxnövçülük üzrə finalda Belçikadan, Almaniyadan, Ukraynadan və Rusiyafan olan rəqiblərini qabaqlayaraq 3-cü yerə layiq görülmüşlər. Burada qələbəni Belarus bayram etmiş, 2-ci yerdə isə Böyük Britaniyadan olan akrobatlar qərarlaşmışlar. Hər mənada bu, Azərbaycan akrobatikası üçün möhtəşəm uğurdur. Cütlüyün məşqçisi İradə Qurbanova qızlarla gecə-gündüz çalışaraqç bütün gücünü onlara sərf etmişdir. Bu mütəxəssis Bakı gimnastika məktəbindən olan idmançıları Avropa və dünya akrobatikasının nəhənglərinə çevirə bilmişdir. Bu yüksək səviyyəli yarışda debüt edən Azərbaycan yuniorlarını da qeyd etmək lazımdır. Məsələn, kişi cütlüyü Emil Yarəhmədov – Elçin Məmmədov çoxnövçülük üzrə finala çıxmış, və orada 6-cı yerə layiq görülmüşdür. Bizim qızlarımız Pərizad Quliyeva – Afaq Məhərrəmli də çoxnövçülükdə finala çıxmış və səkkizinci olmuşlar.