01 may 2021
Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib.
Uzun illər həyatını idman və gənclərlə iş sahəsindəki fəaliyyətə həsr etmiş ölkənin Gənclər və İdman Naziri Azad Rəhimov ömrünün 56-cı ilində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Təəssüf ki, dəyərli mütəxəssis və gözəl bir insanı itirdik.
A. Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib.
Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb və müxtəlif strukturlarda çalışıb. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilib və ömrünün sonuna kimi bu vəzifədə çalışıb.
Son illərdə Azərbaycanda idmanın inkişafında dövlət tərəfindən qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsində mühüm rol oynayaraq, bu sahənin hərtərəfli inkişafına öz töhfəsini vermişdir.
Bütün idman növlərinə ayrı-ayrılıqda diqqət yetirən A. Rəhimov, gimnastika növləri üzrə keçirilən mötəbər beynəlxalq yarışların Yerli Təşkilat Komitəsinə böyük dəstək göstərmişdir.
“Şöhrət” ordeni, 1-ci dərəcəli “Vətənə xidmətə görə” orden və digər medallarla təltif edilib.
A. Rəhimov peşəkar fəaliyyəti və yüksək insani xüsusiyyətləri ilə onu tanıyan hər bir kəsin yaddaşında uzun illər qalacaqdır.
Azərbaycan Gimnastika Federasiyası bütün gimnastika ictimaiyyəti adından mərhumun ailə üzvlərinə dərin hüznlə baş sağlığı verir və onlara səbr diləyir.
Allah rəhmət etsin!