20 fevral 2017
Beynəlxalq Gimnastika Federasiyasının Yeni Olimpiya dövründə Batut Gimnastikası üzrə ilk Dünya Kuboku başa çatdı. 15 ölkədən paytaxtımıza təşrif buyurmuş 82 nəfər batutçu və tamblinqçilər, Milli Gimnastika Arenasında iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında medallar uğrunda gərgin mübarizə apardılar.
Azərbaycan təmsilçiləri əsl əzmkarlıq nümayiş etdirərək turniri 3 gümüş medalla başa vurmağı bacardılar. Dünya Kubokunda ilk gümüş medalı əldə edən məhz bu qəbildən olan yarışlara ilk dəfə qatılmış tamblinqçimiz Mixail Malkin oldu. Ardınca batut üzrə yarışlarda sinxron proqramda çıxış edən Svetlana Makştarova və Veronika Zemlyanayadan ibarət qadın cütlüyümüz turnirin növbəti gümüş medalına sahib çıxdılar. Və əlbəttə, final mərhələsinin ən dəyərli mükafatını ən son ana qədər mübarizə apararaq bütün ümidləri doğruldan İlya Qrişunin əldə etdi. O, məhz Olimpiya Oyunlarının proqramına daxil olan fərdi çıxışında fərqlənərək fəxri kürsünün ikinci pilləsinə yüksəldi.
Ölkəmizdə ikinci dəfə təşkil olunan Batut gimnastikası və ilk dəfə təşkil olunmuş tamblinq üzrə Dünya Kuboku yarışlarının təşkilatçıları bir çox yenilikləri ilə yenə də həm tamaşaçıların, həm də yarış iştirakçılarının könlünü fəth etməyi bacardı. Bu növ üzrə yarışlarda ilk dəfə olaraq zal tamamilə qaranlığa büründü və beləliklə işıqların yalnız çıxışların nümayiş olunduğu alətə yönəldilməsi bütün arenada əsrarəngsiz görüntü yaratdı. Final mərhələsində isə hər idmançının adı çəkilərkən təmsil etdiyi ölkəsinin musiqilərinin səsləndirilməsi onların məhz finalda yarış gərginliyini azaldaraq əhval-ruhiyyələrini yüksəltdi. Zalın möhtəşəmliyini tamamlayan böyük monitorda isə hazırlanmış əyləncəli görüntülər tribunaya toplaşmış tamaşaçılara maraqlı anlar yaşatdı.
Turnir boyunca yerli idmançılarla yanaşı, digər ölkələrdən olan gimnastları da alqışları ilə müşayiət edən tamaşaçıların, o cümlədən AGF-nin “fan klubu”nun dəstəyi gimnastları daha da ruhlandıraraq, onları inamlı çıxışlara sövq etdi.
Və beləliklə, Azərbaycan Gimnastika Federasiyasının Yeni Olimpiya dövründə ev sahibliyi etdiyi batut gimnastikası üzrə ilk Dünya Kuboku uğurla başa çatdı.
Bu münasibət ilə bütün gimnastika ictimaiyyətini təbrik edirik!