03 sentyabr 2013
Avropa Gimnastika İttifaqının (UEG) direktoru Kirsi Erofeyef-Enqmanın da iştirak etdiyi yüksək səviyyəli görüşlərdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov idmanın inkişafı proqramını və 2020-ci ilədək Bakıda hər il keçirilməsi planlaşdırılan yarışların təqvimini şərh edib. Onlardan biri də 2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatı olacaq.
Bu xəbər UEG nümayəndələrinin Azərbaycana səfərinin təşkilatçılarını, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qaibovu, beynəlxalq əlaqələr üzrə menecer, həmçinin Beynəlxalq Gimnastika Federasiyasının İntizam Komissiyasının üzvü olan Mehman Əliyevi sevindirib.
Gimnastika çox məşhurdur və bütün ölkə üzrə geniş şəkildə inkişaf edir, öz beynəlxalq şöhrətini getdikcə artırır. Fərdi gimnastlar və qrup tapşırıqlarında milli komanda dünyada ən yaxşılardandır. Bu özünü Kiyevdə keçirilən sonuncu Dünya çempionatında bir daha göstərdi. Belə ki, qrup mütləq birincilikdə 7-ci, Lalə Yusifova və Marina Durunda isə çoxnövçülük üzrə finalda, müvafiq olaraq, 13 və 16-cı yeri tutdular.
2014-cü il Avropa çempionatı tikintisi demək olar ki, başa çatdırılan yeni arenada keçiriləcək. Bu arenadan yalnız gimnastika və onun bütün növləri üçün istifadə ediləcək və Avropada ilk belə arena olacaq. Arena doqquz min tamaşaçı tutumuna malikdir və 2014-cü ilin əvvəlində Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyası prezidenti Mehriban Əliyeva tərəfindən açılışı nəzərdə tutulub.
UEG-nin prezidenti Jorj Gelzek təşkilata daxil olan 48 federasiyaya əlbəttə ki, müsbət təsir edəcək inkişaf perspektivlərindən çox razı qalıb. O, UEG adından Azərbaycan və Milli Federasiya rəhbərliyinə görülən işlərin dinamikliyinə görə təşəkkürünü bildirib.
2015-ci ildə Bakı Avropa idmanının paytaxtı olacaq. Şəhər I Avropa Oyunlarında iştirak edəcək xeyli sayda idmançını qəbul edəcək. Əlbəttə ki, gimnastika bu idman yarışlarının bir hissəsi olacaq.
J.Gelzek Oyunların təşkilatçıları ilə görüşdə bildirib: “Biz öz olimpiya növlərimizi – idman gimnastikası, bədii gimnastika və batutu təqdim edəcəyik. Həmçinin, bizə idman aerobikası və akrobatik gimnastikanı təqdim etmək, yekun Qala-konserti nümayiş etdirmək imkanını verməyi xahiş etmişik. Mən səbirsizliklə bütün müxtəlifliyi ilə bizim idmanımızın təqdim olunmasını gözləyirəm”.
Avqustun 25-29-da Bakıya təşkil edilmiş səfər Avropa Gimnastika İttifaqına və qurumun prezidentinə, həmçinin direktoruna hazırda layihələrin həyata keçirilməsində siyasi iradənin əks olunduğu ölkədə ümumilikdə idmanın inkişafına gimnastikanın təsirini qiymətləndirməyə imkan verdi.