İdman

gimnastikadan

başlayır

AZƏRBAYCANIN GİMNASTLARI DÜNYANI FƏTH EDİRLƏR: GİMNASTİKA FEDERASİYASININ 5 YAŞI VAR

29 oktyabr 2007

AZƏRBAYCANIN GİMNASTLARI DÜNYANI FƏTH EDİRLƏR: GİMNASTİKA FEDERASİYASININ 5 YAŞI VAR

Azərbaycan Gimnastika Federasiyası əlamətdar yubileyini qeyd edir. Beş il bundan əvvəl Mehriban xanım Əliyeva idman ictimaiyyətinin çoxsaylı xahişlərini və arzusunu nəzərə alaraq, bu ictimai təşkilata rəhbərlik etməyə başlamışdır. Federasiyanın prezidenti vəzifəsində olduğu bütün bu müddətdə Mehriban xanım idmanın belə gözəl növünün təbliği və inkişafı, gimnastikanın ölkə əhalisinin gündəlik həyatına daxil olması üçün hərtərəfli, məqsədyönlü və səmərəli fəaliyyət göstərir.
Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru, Federasiyanın İcraiyyə komitəsinin üzvü Rafiq Behbudov deyir:
-Tam məsuliyyətlə deyə bilərəm ki, Federasiyanın yeni heyətinin özəyi qarşıya qoyulmuş vəzifə və məqsədləri aydın başa düşən həmfikirlərdən ibarətdir. Bu heyət çox qısa müddətdə Federasiyanın işində dönüş yaratmağa müvəffəq olmuşdur. Onilliklər boyu respublikada ögey münasibət bəslənilən və az qala, ümidsiz dərəcədə geri qalmış idman növü hesab edilən gimnastikaya tamamilə yeni, daha məhrəm münasibət formalaşmışdır. Əlbəttə, vaxtilə Azərbaycanda adları ümumittifaq və beynəlxalq idman yarışlarında hörmətlə çəkilən ustalar vardı. Lakin belə hallar daha çox istisna xarakteri daşıyırdı. Hətta 1992-ci il Olimpiadasında Valeri Belenkinin qazandığı mükafatlar, Adilə Məmmədova və Yana Saplinanın bədii gimnastika üzrə SSRİ-nin gənclərdən ibarət yığma komandasına daxil edilməsi də ümumi mənzərənin xoşagəlməz olmasına son qoya bilməmişdi.
Milli Məclisin deputatı, Federasiyanın İcraiyyə komitəsinin üzvü Rauf Əliyev:
-Əslində, hər şeyi sıfırdan başlamaq lazım gəlmişdi. İlk vaxtlar məşq toplantılarının və yarışların keçirilməsi metodikası barədə ən adi təsəvvürlər də çatışmırdı. Biz var gücümüzlə işləyir, təcrübə toplayırdıq və tədricən müsbət nəticələr də özünü göstərdi: idman səmasında günbəgün ustalığı və özünə inamı artan parlaq kiçik ulduzlar görünməyə başladı. İndi Azəbaycanın istedadlı gimnast qızlarının adları dünya gimnastika dairələrində yaxşı məlumdur. Bu gün tam əsasla deyə bilərik ki, Gimnastika Federasiyası Azərbaycanda həm yarış və məşqlərin, həm də kütləvi təşkilati işlərin həyata keçirilməsi baxımından çöx böyük uğurlar qazanmış şəksiz liderdir.
Milli Məclisin deputatı Eyvaz Qurbanov isə deyir ki, bizim başqa federasiyalar, məsələn, futbol, basketbol, üzgüçülük federasiyaları gimnastların təcrübəsini öyrənməklə, yüksək səviyyəli idmançılar yetişdirməyin, iri beynəlxalq yarışların təşkil edilməsinin ən yaxşı müasir texnologiyalarını mənimsəməklə ciddi məşğul olsaydılar, pis olmazdı.
Əlbəttə, bu cür tərifli sözlər eşitmək xoşdur. Bununla bərabər, qeyd etmək istərdik ki, qazanılmış uğurlar Federasiyanın bütün kollektivinin gərgin, hərtərəfli ölçülüb-biçilmiş və ardıcıl işinin nəticəsidir.
Federasiyanın vitse-prezidenti Altay Həsənovun fikrincə, Mehriban xanımın, necə deyərlər, işinin başından aşmasına baxmayaraq, Federasiyanın ən xırda qayğılarına diqqətlə yanaşması, hər bir yarışın, hər bir tədbirin keçirilməsinə yüksək tələbkarlığı olmasaydı, indi federasiyanın işindəki belə dəqiqlik, ahəngdarlıq və məqsədyönlülükdən söhbət gedə bilməzdi.
Doğrudan da, qısa müddətdə Federasiya bir sıra çox mühüm layihələr həyata keçirmiş, bunlar həm ölkəmizdə, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilmişdir. İlk növbədə, bədii gimnastika üzrə dünya çempionatını qeyd etmək lazımdır. Azərbaycan idmanının tarixində ilk dəfə olaraq, Bakıda belə səviyyəli turnir keçirildi. İştirakçı ölkələrin hər biri bu turnirin son dərəcə nümunəvi şəkildə təşkil edilməsini və keçirilməsini vurğulamışdır.
Çempionat ərəfəsində Beynəlxalq Gimnastika Federasiyasının rəhbərləri Bakıya gəlmişdilər. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qonaqları qəbul etmişdi. Onlar yarışların keçiriləcəyi yerlə, gimnast qızların məşq və istirahət şəraiti ilə hərtərəfli tanış olduqdan so