İdman

gimnastikadan

başlayır

Ötən ilin xoş yekunları

24 dekabr 2014

Ötən ilin xoş yekunları

Ötən il Azərbaycan Gimnastika Federasiyası üçün uğurlu keçdi. 2014-cü il Azərbaycanda yenicə açılmış batut və qadın idman gimnastikası üzrə hakimlik kurslarının təşkili ilə başladı. Bu kursun nəticələrinə əsasən, həmin gimnastika növü üzrə hakimlər seçildi. Bir müddət sonra isə bizim üçün digər yeni gimnastika növü – aerobika üzrə təmsilçilərimiz Avstriyada keçirilən hakimlik kurslarında imtahanlardan müvəfəqiyyətlə keçərək, hakim adını qazandılar. Daha sonra isə, Bakıda bədii gimnastika üzrə məşqçilər üçün Beynəlxalq Gimnastika Federasiyasının (BGF) Akademiyası təşkil olundu.


Ölkə başçısı, cənab İlham Əliyev və xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın iştirakı ilə dünyada bərabəri olmayan Milli Gimnastika Arenasının açılışı, ilin yaddaqalan hadisəsi oldu. Bu mükəmməl arenada yaradılmış şərait nəinki idmançılarımızın məşqləri üçün, həm də gimnastikanın 6 növü üzrə yerli və beynəlxalq yarışların təşkili üçün əlverişlidir. Təsadüfi deyil ki, dünyanın müxtəlif qitələrindən bura təlim-məşq toplanışlarına gəlirlər. Bədii gimnastika üzrə test-turniri xarakterli Azərbaycan Çempionatının təşkilindən sonra, iyun ayında burada gimnastikanın bu növü üzrə Avropa Çempionatı keçirildi və bu tədbir mütəxəssislər və Avropa Gimnastika İttifaqının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi.


Bu il gimnastlarımız öz medallarıyla bizi sevindirməyə davam etdilər. Onlar bu günə qədər uğur əldə edilməyən gimnastikanın bəzi növləri və proqramlarında medal qazandılar. Belə ki, bədii gimnastika üzrə yunior gimnastlarımız ilk dəfə olaraq komanda hesabında Avropa Çempionatında medal (bürünc) qazandılar. Böyük gimnastlarımız da onlardan geridə qalmadı. Qrup hərəkətləri komandamız da ilk dəfə olaraq, Avropa Çempionatında 3 top – 2 lent ilə çıxışlarına görə gümüş medal qazanaraq, fəxri kürsüyə yüksəldilər.


Qadın idman gimnastikasında Azərbaycan üçün ilk medalı Avropa Birinciliyində dayaqla tullanma hərəkətlərinə görə ikinci yerdə qərarlaşan Anna Pavlova gətirdi. O, həmçinin Dünya Kubokundan da ilk medalı qazandı. Sloveniyanın paytaxtında keçirilən yarışlarda müxtəlif hündürlüklü qollarda hərəkətlərinə görə  o, qalib oldu.


Kişi idman gimnastikası üzrə Dünya Kubokundan ilk medalı isə Oleq Stepko gətirdi. Xorvatiyanın Osiek şəhərində təşkil olunan yarışda paralel qollardakı hərəkətinə görə o, 3-cü yerdə qərarlaşdı.


Bolqarıstanın Borovets şəhərində aerobika üzrə komandamız fərqlənərək, ilk dəfə olaraq Dünya Kubokunun fərsi kürsüsünə ( bürünc medal) yüksəldi.


Oleq Piunov və İlya Qrişunin də batut üzrə Dünya Kubokundan ilk medalımızı Portuqaliyada 3-cü olaraq əldə etdilər. 2014-cü il ərzində gimnastlarımız 42-si qızıl, 30-u gümüş və 42-si bürünc olmaqla 114 medal əldə etdilər. Bu medalların böyük hissəsi (68) bədii gimnastikanın payına düşür. Ötən il ölkəmizin bayrağı daha çox Jalə Piriyeva və Marina Durundanın şərəfinə qalxdı. Hesabında ən çox qızıl olan Marina Durunda Avropa Oyunlarının səfiri seçildi. Azərbaycan Gimnastika Federasiyasının reytinqində 1-ci olan böyüklərdən ibarət yığma komandamız, həmçinin Beynəlxalq Gimnastika Federasiyasının qrup komandalarının reytinqində (çoxnövçülük) 3-cü olaraq, 2014-cü ilə yekun vurdular.


Gələn il bizi gimnastikanın 6 növü üzrə yarışların keçiriləcəyi Avropa Oyunları, Dünya və Avropa Çempionatları və digər tədbirlər gözləyəcək. İdmançılarımıza qələbə və yeni-yeni nailiyyətlər arzulayırıq.