24 avqust 2011
Azərbaycan akrobatları Rusiyanın Yaroslavl şəhərində keçirilən beynəlxalq "Volkov Kuboku" turnirində iki gümüş medal qazanıblar. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, ilk gümüşü Aynur Hüseynova - Nərmin Ramazanova qazanıb. İlk iki balanslı və sürətli tapşırıqdan sonra qadın duetimiz təsnifatda ikinci yeri əminliklə tutub. Finalda da Aynur və Nərmin qarışıq kombinasiyalarda ikinci yeri tutaraq yalnız rusiyalı akrobatlardan geri qalıblar. Murad Məmmədov və Murad Kərimov kişi cütlüyü də Bakıya gümüş medalla qayıdıb. Burada da qaliblər yenə rusiyalı idmançılar olublar, üçüncü yeri moldovanlar tutublar. Oktyabrın sonunda Varnada (Bolqarıstan) yaş qrupların arasında Avropa çempionatı keçiriləcək. Murad Məmmədov və Murad Kərimov dueti həmin çempionatda iştirak edəcək.