22 iyun 2019
Bu gün, Belarusun paytaxtı Minskdə 2-ci Avropa Oyunları çərçivəsində gimnastika yarışlarına start verilib.
Akrobatika gimnastikası üzrə millimizin üzvləri, qarışıq cütlükdə ölkəmizi təmsil edən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi temp hərəkətlərində uğurlu çıxış göstərərək, oyunların gümüş medalına sahibləniblər. Təmsilçilərimizin çıxışı 28.830 xalla dəyərləndirilib və bununla da onlar Avropa Oyunlarında Azərbaycan komandasının hesabına ilk medalı yazdırıblar.
Qarışıq cütlüyümüzün növbəti medal sevinci isə balans hərəkətlərində olub. Gimnastlarımız bu proqramda 28.160 xal toplayaraq, bürünc medal əldə ediblər.
Qeyd edək ki, bu gün akrobatika ilə yanaşı, bədii gimnastika yarışları da baş tutub. Fərdi proqramda ölkəmizi təmsil edən bədii gimnastımız Zöhrə Ağamirova çoxnövçülükdə 72.400 xal toplayaraq, 8-ci yerdə qərarlaşıb.
Sabah isə 2-ci Avropa Oyunlarında bədii gimnastika üzrə qrup hərəkətləri komandamız mübarizəyə qoşulacaq, həmçinin akrobatlarımız qarışıq hərəkətlər üzrə öz güclərini sınayacaqlar.