06 iyun 2012
Azərbaycan akrobatları Afaq Məhərrəmli - Pərizad Quliyeva qadın cütlüyü Almaniyada keçirilən Dünya Kuboku mərhələsində 4-cü yeri tutublar.
Təsnifat tapşırıqlarının yerinə yetirilməsindən sonra azərbaycanlı cütlük fəxri kürsüyə ən yaxın yeri tutub. Balans və templi kombinasiyalarının nümayişi zamanı fəndlərdə və musiqi taktına düşməmək kimi kiçik səhvlərə baxmayaraq, Bakı Gimnastika Məktəbinin yetirmələri Dünya Kubokunun finalına çıxa biliblər.
Lakin həlledici qarışıq hərəkətləri yerinə yetirərkən qızlar yıxılmaqdan qaça bilməyiblər. Bununla da onlar iki Rusiya və bir Belarus cütlüyündən sonra mükafatlardan kənarda qalıblar.
Məşqçi İradə Qurbanovanın sözlərinə görə, qızlar hələ özlərini bu yay göstərə biləcəklər. Belə ki, iyunun ortalarında onların Qazaxıstanda keçiriləcək beynəlxalq turnirdə iştirakı gözlənilir, avqustda isə Veliki Novqorodda Dünya Kuboku mərhələsində çıxış edəcəklər.