İdman

gimnastikadan

başlayır

Tiyedə Azərbaycan Himni səsləndi

27 mart 2017

Tiyedə Azərbaycan Himni səsləndi

Ötən həftəsonu bədii gimnastika üzrə yığma komandamızın əsas heyəti yeni Olimpiya dövrünün ilk böyük yarışına qatılıblar.

25-26 mart tarixlərində ənənəvi Qran-pri yarışlarında ölkəmizi təmsil etmək üçün Marina Durunda, həmçinin Ayşən Bayramova, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Elif Zeynep Celepdən ibarət qrup hərəkətləri komandamız Fransanın Tiye şəhərinə yollanıb.

Turnirin ilk günü qrup komandamız çoxnövçülük yarışlarında  çıxış edərək,  yalnız son Dünya çempionu ( 5 lent ilə) İtaliya komandasına cüzi xalla uduzmuş və ikinci yerə layiq görülmüşlər. Lakin, qızlarımız bununla kifayətlənməyiblər. Onlar turnirin son günü parlaq çıxışları ilə yadda qalaraq, hər iki finalda qızıl medal əldə edib.

Təəssüflər olsun ki, yığmamızın lideri Marina Durunda turnirin başlamasına bir gün qalmış zədə alaraq, yarışlarda çıxış edə bilməyib. Onun məşqlərə nə zaman davam edəcəyi, Bakıda keçəcəyi müayinələrin nəticələrindən asılı olacaq.

Qrup hərəkətləri komandamızı isə aprel ayının ilk həftəsi İtaliyanın Pesaro şəhərində baş tutacaq Dünya Kuboku mərhələsi gözləyir.