İdman

gimnastikadan

başlayır

AZƏRBAYCANLI MƏŞQÇİLƏR BEYNƏLXALQ DƏRƏCƏLİ HAKİM OLUBLAR

25 fevral 2014

AZƏRBAYCANLI MƏŞQÇİLƏR BEYNƏLXALQ DƏRƏCƏLİ HAKİM OLUBLAR

Üç azərbaycanlı və iki iranlı mütəxəssis qadınlar arasında idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim olublar.

Bu qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qadın idman gimnastikası üzrə Texniki Komitəsinin prezidenti Nelli Kimin iştirakı ilə yanvarın sonlarında Bakıda keçirilən hakimlər üçün seminarın yekunları üzrə qəbul edilib.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən verilən məlumata görə, milli məşqçilər Səbinə Bəşirova ("Sərhədçi"), Lalə Abdulalyeva ("Neftçi"), eləcə də Bakı Gimnastika Məktəbindən Rza Əliyev kursu dinləyərək və iki imtahanı uğurla verərək 4-cü dərəcəli hakim olublar. Eləcə də sonuncu iki nəfər akrobatika və kişi idman gimnastikası üzrə hakim olmaqla müvafiq olaraq 2-ci və 4-cü beynəlxalq dərəcələrə malikdirlər.

Kursların rəhbərinin özünün qeyd etdiyi kimi, R.Əliyev qadın gimnastikası üzrə hakimliyin istisnasız olaraq qadın məşğuliyyəti olması ilə bağlı stereotipi dağıdıb.

FIG Texniki Komitəsinin rəhbəri bildirib: "Həm də mən elə adam xatırlamıram ki, o, eyni Olimpiya siklində həm kişilərin, həm də qadınların hakimi olsun".

Artıq mart və aprel aylarında onlar Almaniyada və Qətərdə, Sloveniya və Xorvatiyada keçiriləcək dünya kuboku mərhələlərində, daha sonra isə, yəni may ayının ortalarında Sofiyadakı Avropa çempionatında В kateqoriyasında iştirak edə biləcəklər.

Qadın idman gimnastikası ötən ildən başlayaraq Azərbaycan Gimnastika Federasiyasında inkişaf etdirilən yeni idman növüdür.