18 may 2015
16 may tarixində Oklahoma-Siti (Oklahoma ştatı, ABŞ) şəhərində IGHOF (International Gymnastics Hall of Fame) tərəfindən hər il təşkil olunan mərasim baş tutub.
Tədbirdə 5 nəfərin adı Beynəlxalq Gimnastikanın Şöhrət Zalına daxil edilib. Bu şərəfə Beynəlxalq Gimnastika Federasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin keçmiş rəhbəri Filipp Silaççi, almaniyalı gimnast Yohanna Quass, ikiqat Olimpiya çempionu Ebi Qrosfeld, Olimpiya çempionu Yelena Zamolodçikova və Olimpiya çempionu, üçqat Dünya çempionu azərbaycanlı gimnast Valeri Belenki nail olublar.
1992-ci ildə Barselonada keçirilən Olimpiya Oyunlarında Valeri Belenki Birləşmiş komandanın tərkibində komanda hesabında qızıl, mütləq birincilikdə isə bürünc medala sahib çıxmışdır.
Beynəlxalq Gimnastikanın Şöhrət Zalının əsası 1972-ci ildə qoyulub və Oklahoma-Siti şəhərində yerləşir. Hər il xüsusi komissiya Şöhrət Zalına daxil olan gimnastların siyahısını açıqlayır.