30 mart 2015
Dünən, Portuqaliyanın paytaxtı Lissabonda bədii gimnastika üzrə Dünya Kubokunun mərhələsi və beynəlxalq turnir başa çatmışdır.
Bu yarışlar vətənə iki bürünc medal gətirən gimnastımız Marina Durundanın parlaq çıxışları ilə yadda qalıb. Azərbaycan yığmasının lideri və qarşıda gələn Avropa Oyunlarının idman səfiri Marina, top və lent ilə hərəkətlərdə 3-cü olub. Gimnastımız gürzlər və halqa ilə hərəkətlərdə də yaxşı nəticə göstərərək, 4-cü yerdə qərarlaşdı. Bundan əlavə o, çoxnövçülükdə 5-ci yer tutmuşdur.
Digər bürünc medalı isə Dünya Kuboku çərçivəsində keçirilən beynəlxalq turnirdə iplə çıxış edən yeniyetmə gimnastımız Jalə Piriyeva qazandı.
Yeniyetmələrdən ibarət qrup hərəkətləri komandasının beş top ilə parlaq çıxışları da diqqətdən kənarda qalmayıb. Əfsanəvi pop-musiqisinin kralı Maykl Ceksonun “Smooth Criminal” mahnısının sədaları altında icra olunan və artıq bədii gimnastika aləmində məşhur olmuş bu çıxış bütün tamaşaçıları ayağa qaldırdı. Yarışın nəticələrinə əsasən 4-cü olan Azərbaycan gimnastlarının çıxışları gurultulu alqışlar ilə qarşılanmışdır.