30 mart 2025
Bakıda, Milli Gimnastika Arenasında keçirilən “Bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turniri” başa çatdı. Üç gün davam edən yarışda gimnastlarımız 3 qızıl, 6 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 12 medal qazandılar.
Topla proqramda Zəhra Cəfərova (25,850 xal) qızıl, Kamilla Seyidzadə (23,400 xal) gümüş, Şəms Ağahüseynova (23,800 xal) isə bürünc medala layiq görüldü.
Lentlə çıxışlarda Zəhra Cəfərova (25,100 xal) və Şəms Ağahüseynova (24,500 xal) bürünc medala sahib oldular.
Gürzlərlə proqramda da gimnastlarımız yüksək nəticələr göstərdilər. Belə ki, Azadə Atakişiyeva (25,100 xal) qızıl, Kamilla Seyidzadə (25,900 xal) gümüş medal qazandı.
Özünəməxsus çıxışı ilə seçilən böyüklərdən ibarət qrup hərəkətləri komandamız beş halqa ilə finalda 23,000 xalla gümüş medala layiq görüldü. Bu proqramda birinci yeri Macarıstan komandası, üçüncü yeri isə Gürcüstan təmsilçiləri tutdular.
Fərdi gimnast İlona Zeynalova halqa ilə proqramda (25,800 xal) gümüş medal qazanaraq ikinci yerdə qərarlaşdı.
Yarışın ikinci günündə də gimnastlarımız üç dəfə fəxri kürsüyə yüksəldilər. Böyüklər arasında komanda hesabında Zəhra Cəfərova və İlona Zeynalova qızıl medal qazandılar. Bundan əlavə, Zəhra Cəfərova çoxnövçülükdə 76,100 xalla ikinci oldu. Eyni proqramda gənclər yaş kateqoriyasında Şəms Ağahüseynova və Azadə Atakişiyeva komanda hesabında ikinci yerə layiq görüldülər.
Üç gün ərzində tamaşaçılar 16 ölkədən olan təmsilçilərin zərif və gözoxşayan çıxışlarından həqiqi zövq aldılar. Yaxın gələcəkdə Milli Gimnastika Arenası bədii gimnastika üzrə daha iki beynəlxalq yarışa ev sahibliyi edəcək. Apreldə idmansevərləri Dünya kuboku, mayın əvvəlində isə Avropa kuboku gözləyir. Növbəti yarışlarda təmsilçilərimizə uğurlar arzulayırıq.
Turnirin nəticələri ilə ətraflı şəkildə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Nəticələr