10 sentyabr 2014
Bu həftə sonu Kazanda 27 ölkədən 130 idmançının iştirak etdiyi bədii gimnastika üzrə Dünya Kuboku yekunlaşıb. İdmançılar arasında bizim yığmanın gimnastları – Ayşən Bayramova və Nilufər Niftalıyeva da var idi.
“Mən qızların çıxışlarından çox razı qaldım. Məhz, Ayşən üçün bu ilk Dünya Kuboku idi, Nilufər üçün isə böyük fasilədən sonra ilk ciddi yarış” -deyə, yığma komandanın baş məşqçisi Mariana Vasileva yarış sonrası qeyd edib. “Gimnastlar hazırda nəyə qadir olduqlarını nümayiş etdirdilər. Əlbətdə, onlar həyəcanlı idilər, buna görə də cüzi səhvlərə yol verdilər. Lakin, bu səhvlər düzələndir”.
Nilufər, bu ayın sonu İzmirdə keçiriləcək Dünya Çempionatında komandamızın tərkibində ölkəmizi təmsil edəcək.
21-28 sentyabr tarixlərində keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatında, Azərbaycan 9 gimnastla təmsil olunacaq. Onlar – ölkənin mütləq çempionu, çoxsaylı Dünya Kuboklarının mükafatçısı Marina Durunda, Gülsüm Şəfizadə, Nilufər Niftalıyeva, həmçinin Səbinə Abbasova, Siyana Vasileva, Aynur Mustafayeva, Aliyə Paşayeva, Diana Doman və Aleksandra Platonovadan ibarət qrup hərəkətləri üzrə komandamızdır.
“Marina Durunda və Gülsüm Şəfizadə top, halqa, lent və gürzlərlə, Nilufər Niftalıyeva isə halqa və topla öz çıxışlarını nümayiş etdirəcəklər” – deyə, Mariana Vasileva qeyd edib.