18 iyun 2015
Bu gün Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında batut gimnastikası üzrə fərdi proqramda, həmçinin aerobika gimnastikası üzrə qarışıq cütlüklər arasında təsnifat mərhələsi yekunlaşıb.
Batut üzrə yarışlarda ölkəmizi, kişilər arasında Oleq Piunov, İlya Qrişunin, qadınlar arasında isə Svetlana Makştaryova və Sabina Zaytseva təmsil edirdi. Yarışın qaydalarına əsasən, ən yaxşı nəticə göstərmiş 6 batutçu finala vəsiqə qazan bilər. Bununla yanaşı, finalda hər ölkədən yalnız bir idmançı iştirak edə bilər. Xüsusi tələblərə cavab verən birinci çıxış və sərbəst surətdə tərtib olunan ikinci çıxışın nəticələrinə əsasən, İlya Qrişunin 104.640 xalla 5-ci yerdə, qadınlar arasında isə Sabina Makştaryova 100.370 xalla 4-cü pillədə qərarlaşdı. Beləliklə, hər iki gimnastımız 21 iyun tarixində baş tutacaq finalda çıxış edəcək.
Təəssüflər olsun ki,aerobika üzrə qarışıq cütlüyümüz final mərhələsinə vəsiqə qazana bilmədi. Xatırladaq ki, gimnastikanın bu növü Azərbaycanda 2014-cü ildən inkişaf etdirilməyə başlanılıb.