İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTLARI DÜNYA KUBOKUNDA 5-Cİ OLDULAR

04 may 2009

AZƏRBAYCAN GİMNASTLARI DÜNYA KUBOKUNDA 5-Cİ OLDULAR

Azərbaycan gimnastları İtaliyanın Pesaro şəhərində keçirilmiş Dünya kubokunun növbəti mərhələsində 5-ci yerləri tutublar.

Dörd mümkün finalın üçündə çıxış etmək imkanı əldə edən Anna Qurbanova ən yaxşı nəticələri ip və halqa ilə göstərib və 5-ci yeri tutub. Topla finalda isə gimnastımız 6-cı nəticəni göstərib.

Digər təmsilçimiz Aliyə Qarayeva da finala 3 dəfə vəsiqə qazanaraq, iplə və topla 7-ci, lentlə isə 8-ci nəticəni göstərib.

Çoxnövçülükdə gimnastlarımızın hər ikisi 101.65 bal toplayaraq 9-10-cu yerləri bölüşdürüblər. Azərbaycanın üçüncü gimnastı Zeynəb Cavadlı 91.85 balla 33 iştirakçı arasında 18-ci yeri tutub.

Pesaroda qələbəni ən yüksək nəticələrə 4 dəfə imza atan rusiyalı Yevgeniya Kanayeva bayram edib.

Azərbaycanın böyüklərdən ibarət qrup komandasının da Pesarodakı çıxışını uğurlu saymaq olar. Belə ki, 3 lent / 2 iplə hərəkətlərdə, ilin Yaponiyada keçiriləcək ən vacib startına – Dünya çempionatına hazırlaşan Vəfa Hüseynova, Dina Qorina, Anastasiya Prasolova, Valeriya Yeqay, Ceyla Quliyeva və Nigar Mirzəyevadan ibarət kollektivimiz 23.7 balla 5-ci yeri tutub.

Azərbaycan yığması ikinövçülükdə 6-cı nəticəni göstərib (44.625 bal). Dünya kuboku isə proqramın hər üç növündə bütün rəqiblərini geridə qoyan olan xalça sahiblərinə nəsib olub.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətindən verilən məlumata görə, İtaliyadakı turnir fərdi gimnastlarımız üçün 10 gündən sonra Bakıda start götürəcək Avropa çempionatı astanasında sonuncudur.

Xarici nümayəndə heyətlərindən Bakıya ilk olaraq Litva gimnastlarının səfəri gözlənilir. Onlar paytaxtımıza mayın 11-də, gecə olacaqlar. Yarışlar isə mayın 15-də 10:30-da başlanacaq – xalçaya seniorlar çıxacaqlar. Həmin gün çempionatın təntənəli açılış mərasimi keçiriləcək. Tədbir 18:30-da başlanacaq.

Avro-2009-un Azərbaycandakı teleyayımını “Lider TV” televiziya kanalı həyata keçirəcək. Qitə birinciliyinə xarici telekanallar da maraq göstərib. Onlar arasında Rusiyanın məşhur “RTR Sport” idman kanalı da var. Bu kanal öz şərhçini Azərbaycana ezam edəcək. Qalan ölkələr Bakı Avro-2009-u “Eurosport” və bir çox başqa kanallar vasitəsi ilə izləyəcəklər.