04 fevral 2013
Akrobatika gimnastikası üzrə üç Azərbaycan hakimi növbəti Olimpiya dövrəsində öz beynəlxalq kateqoriyasını təsdiqləyib.
Əvvəlki dövrədə üçüncü kateqoriyaya malik olan İradə Qurbanova 2013-2016-cı illərdə keçiriləcək bütün beynəlxalq yarışlarda ikinci dərəcəli arbitrlərin kollegiyasında iştirak edəcək.
Böyük Britaniyada keçirilən seminarın iki digər azərbaycanlı iştirakçısı olan Lalə Abdullayeva və Adıgözəl Rəcəbov kursları dördüncü kateqoriyada başa vurublar.
Belə qərar Böyük Britaniyada keçirilən hakimlər üçün qitələrarası kursların yekunu üzrə qəbul edilib. Beynəlxalq Gimnastika Federasiyasının (FIG) akrobatika üzrə Texniki Komitəsinin təşkil etdiyi seminar zamanı onlar yeni qaydalar üzrə kurs keçib və test imtahanını uğurla veriblər.
"Mart ayında Azərbaycan birinciliyi və Portuqaliyada keçiriləcək Dünya kubokunun birinci mərhələsi ərəfəsində yerli hakimlər üçün seminar təşkil edəcəyik. Bu seminarın gedişində dünya akrobatikasında bütün son yeniliklər haqqında ətraflı danışacağıq", - beynəlxalq kateqoriyalı hakimlər qeyd ediblər.