İdman

gimnastikadan

başlayır

Gənc bədii gimnastlarımız Polşada 5 medal qazandılar

07 aprel 2019

Gənc bədii gimnastlarımız Polşada 5 medal qazandılar

Gimnastika yarışları ilə zəngin olan bu həftəsonu bədii gimnastlarımız Varşavada (Polşa) keçirilən “İrina Cup” adlı beynəlxalq turnirdə ölkəmizi layiqincə təmsil ediblər.

Yarışdan ilk medal sevincini milli komandamızın gənclərdən ibarət qrup hərəkətləri komandası yaşadıb. Fəridə Səfiyarzadə, Milana Əkbərova, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə və Nəzrin Cəfərzadə birgə səyləri nəticəsində  çoxnövçülük yarışlarında turnirin qızıl medalını qazanıblar.

Fərdi proqramda çıxış edən gimnastlarımız da yarışları medalsız başa vurmayıblar. Belə ki, millimizin gənc və eyni zamanda potensiallı üzvlərindən olan Nərminə Səmədova komandamızın hesabına 3 medal yazdırıb. Gimnastımız gürzlərlə və iplə icrasına görə fəxri kürsünün ilk pilləsinə yüksələrək, qızıl medala sahiblənib. Çoxnövçülük proqramında isə Nərminə bürünc medal qazanıb.

Uğurlu performansı ilə komanda yoldaşından geri qalmayan digər təmsilçimiz Arzu Cəlilova isə iplə hərəkətlərinə görə gümüş medala layiq görülüb.