İdman

gimnastikadan

başlayır

Azərbaycan çempionatında gərgin və maraqlı mübarizə

25 mart 2023

Azərbaycan çempionatında gərgin və maraqlı mübarizə

Bahar təravətli Novruz bayramı günlərində gimnastika azarkeşlərini Milli Gimnastika Arenasına bu dəfə bədii gimnastlar topladı. Ən zərif gimnastika növünün nümayəndələri 24 və 25 mart tarixlərində bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatında qüvvələrini sınadılar.

Yarışda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, “Grasiya” İdman Klubu, “Zirə” Mədəniyyət Mərkəzi, Sumqayıtdan ümumilikdə 53 gimnast bacarığını nümayiş etdirdi.

Çempionatda 2008-2010-cu il təvəllüdlü gənclərlə yanaşı, 2007-ci il və daha böyük təvəllüdlü idmançılar fərdi proqramda qüvvələrini sınadılar.

“Ocaq Sport” Klubunun və qrup hərəkətləri üzrə milli komandanın üzvləri 5 ip və 5 top (gənclər), eləcə də 5 halqa, 3 lent və 2 top (böyüklər) proqramında müsabiqədən kənar proqramlarını nümayiş etdirdilər.

Ölkəmizdə təlim-məşq toplanışında olan Avstraliya və Monqolustan təmsilçiləri də öz müsabiqədən kənar maraqlı çıxışları ilə izləyicilər qarşısına çıxdılar.

Yerli və əcnəbi gimnastların təqdim etdikləri biri-birindən zövqlü çıxış proqramları onlara dəstək olmaq üçün gələn tamaşaçılara maraqlı və xoş anlar yaşatdı

Çoxnövçülükdə gənclər arasında Bakı Gimnastika Məktəbinin yetirməsi Nuray Əhmədzadə öz qələbəsini bayram etdi. Sonrakı pillələrdə isə “Ocaq Sport” Klubunun təmsilçiləri Şəms Ağahüseynova və Fidan Aladinova yer aldı. Gənc gimnastlarımız müvafiq olaraq 2-ci və 3-cü yerdə qərarlaşdılar.

Böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlarımız da öz çıxışlarını yüksək peşəkarlıqla təqdim etdilər. Qızlarımız xalça üzərində hakimlərin rəğbətini qazanmaq üçün qüsursuz çıxışlar nümayiş etdirməyə çalışırdılar. Yekun nəticədə çoxnövçülük üzrə Azərbaycan çempionu adını millimizin təcrübəli gimnastı, “Ocaq Sport” Klubunun yetirməsi Zöhrə Ağamirova qazandı. Eyni klubun təmsilçiləri Alina Gözəlova və İlona Zeynalova müvafiq olaraq fəxri kürsünün ikinci və üçüncü pilləsində yer aldılar.

Hər iki yaş qrupunda fərdi gimnastlar arasında, həmçinin ayrı-ayrı alətlər üzrə (halqa, top, gürzlər, lent) də qaliblər müəyyənləşdi.

Yarışın yekun nəticələri barədə ətraflı məlumatı agf.az saytından əldə edə bilərsiniz