03 dekabr 2022
Dekabrın 2-si və 3-də Portuqaliyanın Albufeira şəhərində keçirilən Avropa Gimnastikasının 29-cu konqresində Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov yüz faiz səs çoxluğu ilə yenidən Avropa Gimnastikasının prezidenti seçilib. Qeyd edək ki, F.Qayıbov Avropa Gimnastikasına 2017-ci ildən rəhbərlik edir.
Konqres çərçivəsində qurumun Texniki Komitələri və komissiyalarına seçkilər də baş tutub.
Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən namizədlikləri irəli sürülən Yevgeniya Vilyayeva (beynəlxalq dərəcəli hakim) 73.68 faiz səs çoxluğu ilə bədii gimnastika, İnara İsrafilbəyova (beynəlxalq dərəcəli hakim) 73.68 faiz səs çoxluğu ilə “TeamGym”, Ruslan Eyvazov (yığma komandanın məşqçisi) isə 68.42 faiz səs çoxluğu ilə gimnastika hamı üçün növü üzrə Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü seçilib. Qeyd edək ki, gimnastika tariximizdə ilk dəfədir ki, Azərbaycan təmsilçiləri Avropa qurumunun Texniki Komitəsinə üzv seçilir.
Məlumat üçün bildirək ki, AGF yenidən qurulduğu dövrdən müvafiq Avropa və beynəlxalq gimnastika qurumları ilə sıx əməkdaşlıq edir. Ötən il AGF-nin idman direktoru, təmsilçimiz Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva isə FIG-nin Atletlər Komissiyasının üzvü seçilmişdi.