İdman

gimnastikadan

başlayır

Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə festival keçirilib 

10 sentyabr 2022

Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə festival keçirilib 

Sentyabrın 9-u Dənizkənarı bulvarda (Azərbaycan Dövlət Kukla Teatrının arxası) Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə festival keçirilib. Əhali arasında gimnastika idman növünün təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili məqsədini daşıyan festivala bu növ üzrə yığma komandanın üzvləri ilə yanaşı, “Ocaq Sport” klubunun təmsilçiləri, eləcə də respublikamızın bölgələrindən 23 komandanın tərkibində 200-dək idmançı qatılıb. 
Tədbir festival iştirakçılarının “Dəniz Mall” ərazisindən Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı əraziyədək yürüşü ilə başlayıb. 
Gənclər və İdman Nazirliyi və AGF nümayəndələrinin rəsmi çıxışlarından sonra gimnastika hamı üçün növü üzrə idmançıların musiqi sədaları altında rəngarəng nömrələri Dənizkənarı Milli Parka gəzintiyə gəlmiş qonaqlara və şəhərimizin sakinlərinə xoş anlar bəxş edib. Festivalda AGF-nin yenidən qurulmasının 20 illiyinə və gimnastika hamı üçün növünə həsr olunmuş videoçarx nümayiş etdirilib. 
Breykdans idman növü üzrə təqdim olunan nümunəvi çıxışlar, tamaşaçılarla birgə keçirilən flaşmob izləyicilərin böyük marağına səbəb olub. 
Qeyd edək ki, beynəlxalq qaydalara əsasən bu növ üzrə yarışlarda hər bir iştirakçı komanda medala layiq görülür. Budəfəki festivalın sonunda 23 komanda iştirakçısına (7-si qızıl, 8-i gümüş, 8-i isə bürünc medal) AGF-nin medal və diplomları təqdim edilib. 
Qeyd edək ki, dünyada böyük populyarlığa malik qeyri-yarış növü olan gimnastika hamı üçün Azərbaycanda yeni inkişaf edən idman növləri sırasındadır. Bu növlə yaşından, görünüşündən və fiziki qabiliyyətindən asılı olmayaraq hər bir şəxs məşğul ola bilər. Ölkəmizdə bu növə aid ilk milli tədbir 2010-cu ildə Yeni il ərəfəsində təşkil olunmuş nağıl-tamaşa hesab olunur. 2014-cü ildən bu günə kimi Bakıda keçirilən mötəbər beynəlxalq yarışların açılış mərasimlərində təmsilçilərimiz rəngarəng, zövqlü və əsrarəngiz çıxışları ilə iştirakçıları heyran edir.
Bu idman növündə Beynəlxalq Gimnastika Federasiyasına (FIG) aid 2 növ tədbir mövcuddur: dörd ildən bir keçirilən Ümumdünya Gimnastradası və “World Gym for Life Challenge” yarışları. 
Azərbaycan gimnastlarının 2015-ci ildə Helsinkidə (Finlandiya) keçirilən 15-ci Ümumdünya Gimnastradasına qatılması ilə ölkəmizdə rəsmi olaraq “Gimnastika hamı üçün” növünün əsası qoyulub. 
Azərbaycanın Milli Komandası “World Gym for Life Challenge” tədbirinə ilk dəfə 2017-ci ildə (Vestfold, Norveç) qatılıb. 47 kiçik qrup arasında çıxış edən komandamız qızıl medal qazanan 6 qrupun siyahısına daxil olaraq möhtəşəm Qalada iştirak etmək hüququ qazanıb.
2018-ci ildə Belçikanın Lej şəhərində keçirilən 1-ci “European Gym for Life Challenge” yarışında qrupumuz qızıl medala layiq görülərək “Best Costume” nominasiyasında diplomla təltif olunub. Təmsilçilərimiz bu il keçirilən yarışlarda da uğurla çıxış ediblər. Belə ki, iyulun 10-14-də İsveçrənin Nevşatel şəhərində keçirilən “European Gym for Life Challenge” festivalında Azərbaycanın “Moonlight” adlı komandası gümüş medala layiq görülüb.