İdman
gimnastikadan
başlayır
12 dekabr 2025
12 dekabr 2025-ci il tarixində “Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin İcra Komitəsinin 51-ci iclası baş tutub.
İclas çərçivəsində kişi və qadın idman gimnastikası, bədii gimnastika, batut gimnastikası və tamblinq, akrobatika gimnastikası, aerobika gimnastikası üzrə milli yığma komandaların və “Gimnastika hamı üçün” növünün fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib. Müvafiq gimnastika növləri üzrə baş məşqçilər və məsul şəxslər tərəfindən 2025-ci il ərzində görülmüş işlər, beynəlxalq və yerli yarışlarda əldə olunmuş nəticələr, həmçinin qarşıdakı dövr üçün planlar İcra Komitəsi üzvlərinə təqdim edilib.
Eyni zamanda Azərbaycan Gimnastika Federasiyasının Baş katibi tərəfindən 2025-ci il üzrə fəaliyyət hesabatı səsləndirilib və müzakirə olunub. Daha sonra İcra Komitəsi daxilində “Safeguarding” üzrə direktorun fəaliyyəti ilə bağlı hesabat dinlənilib.
İclasda Federasiyanın nizamnaməsinə təklif olunan dəyişikliklərin layihəsi müzakirə edilib. Bununla yanaşı, “Atletlər Komissiyası”nın Əsasnamə layihəsinə, AGF-nin “İntizam qaydaları”na və “Gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması üzrə qaydalar”a edilən dəyişikliklərə ilkin baxış keçirilib.
Həmçinin “Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin 16-cı Ümumi Yığıncağının keçirilmə tarixi və mandat komissiyasının üzvlərinin müəyyən edilməsi məsələlərinə baxılıb, 2026-cı il üzrə milli yığma komandalara seçim qaydaları müzakirə olunub.
Bundan əlavə, mötəbər yarışlarda yüksək nəticələr göstərmiş idmançı və məşqçilərin mükafatlandırılması ilə bağlı müvafiq qərarlar qəbul edilib.
İcra Komitəsinin 51-ci iclası gündəliyin digər məsələlərinin müzakirəsi ilə işini başa çatdırıb.