İdman

gimnastikadan

başlayır

Azərbaycan Gimnastika Federasiyası ilin ilk Dünya kubokuna start verdi

22 fevral 2025

Azərbaycan Gimnastika Federasiyası ilin ilk Dünya kubokuna start verdi

22 və 23 fevral tarixlərində Milli Gimnastika Arenasında keçirilən “Batut gimnastikası və tamblinq üzrə Dünya kuboku, AGF Trophy”nin açılış mərasimi baş tutdu.  
Yarışda Azərbaycan, Bolqarıstan, Çexiya, İtaliya, Mozambik, İspaniya, Yaponiya, AIN (neytral idmançılar), Qazaxıstan, Özbəkistan, Ukrayna, ABŞ, Əlcəzair, Meksika və Polşanın ən güclü batut və tamblinq üzrə gimnastları fərdi, sinxron və qarışıq sinxron proqramlar üzrə çıxış etdilər. 

Builki Dünya kubokunu əvvəlkilərdən fərqləndirən əsas məqam batut gimnastikası üzrə idmançıların ilk dəfə qarışıq sinxron proqramda çıxış etməsidir. Milli komandamızı batut gimnastikası üzrə yarışda Selcan Mahsudova, Əli Niftəliyev, Mehdi Əliyev, Şəfiqə Hümbətova və Nicat Mirzəyev təmsil etdi. Onlar, həmçinin ilk dəfə qarışıq sinxron proqramda öz bacarıqlarını nümayiş etdirdilər.
Tamblinq üzrə yarışda isə ölkəmizi Tofiq Əliyev, Adil Hacızadə, Hüseyn Əsədullayev, Aleksey Karataşov təmsil etdi. Qeyd edək ki, Aleksey Karataşov bu il ilk dəfə olaraq böyüklər yaş kateqoriyasında çıxışını sərgilədi.  

Yarışın açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirdi ki, hər il respublikamızda gimnastika növləri üzrə keçirilən mötəbər yarışlar və qazanılan nailiyyətlər Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın idmanın bu növünün inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir.
Nazir ölkəmizin hər il gimnastika növləri üzrə Dünya kubokuna ev sahibliyi etdiyini, bu yarışların Azərbaycanda gimnastikanın inkişafına böyük töhfə verdiyini vurğuladı. 
Sonra Dünya kuboku açıq elan olundu və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Qeyd edək ki, bu gün keçirilən təsnifat mərhələsində milli komandamızın üzvləri final mərhələsinə vəsiqə qazandılar. Belə ki, tamblinq üzrə yarışda Adil Hacızadə və Tofiq Əliyev, batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova, qarışıq sinxron proqram üzrə Selcan Mahsudova və Əli Niftəliyev, qadınlar arasında sinxron proqramda isə Şəfiqə Hümbətova və Selcan Mahsudova finala yüksəldilər.

Sabah keçiriləcək final mərhələsində bütün gimnastlara uğurlar arzulayırıq.