21 may 2023
Paytaxtımızın ev sahibliyi etdiyi bədii gimnastika üzrə 39-cu Avropa çempionatına bu gün yekun vuruldu.
“Ulduz kimi parla” ("Shine like a star") şüarı altında 38 ölkədən 315 idmançının iştirakı ilə keçirilən ilin ən mötəbər gimnastika yarışında idmançılar 5 gün boyunca mübarizə apardılar.
Bədii gimnastika üzrə iki dəfə dünya, dörd dəfə isə qitə çempionatına uğurla ev sahibliyi edən Azərbaycan bir daha özünü yüksək təşkilatçı kimi təsdiqləməyi bacardı.
Çempionat həmçinin komandamızın uğurlu çıxışı ilə yadda qaldı.
Gərgin məşqlər, tükənməyən əzmkarlıq, qarşıya qoyulan məqsədlər öz bəhrəsini verdi. Azərbaycan təmsilçiləri Avropa çempionatında 5 medala (1 qızıl, 4 bürünc) layiq görüldülər.
Böyüklərdən ibarət qrup hərəkətləri komandamız tarixi uğura imza ataraq Azərbaycan gimnastika tarixində ilk dəfə Avropa çempionatının qızıl medalını qazandırdı.
Komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova,Yelizaveta Luzan, Darya Sorokina 3 lent və 2 topla hərəkətlərin icrasında proqramı dəqiqliklə yerinə yetirdi. İdmançılarımız 32.250 xal xalla bütün rəqiblərini üstələyərək Azərbaycan himnini səsləndirdilər, bayrağımızı dalğalandırdılar. İdmançılarımız çoxnövçülük proqramında isə bürünc medala layiq görüldülər.
Daha bir medal sevincini bizə fərdi gimnastımız Zöhrə Ağamirova yaşatdı. Avropa çempionatının dördüncü günü fərdi proqramda çıxış edən təcrübəli gimnastımız, Zöhrə Ağamirova yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək karyerası ərzində Avropa çempionatının ilk medalına, bürünc mükafata sahib çıxdı.
Fərqli üslubu, sadə və eyni zamanda zərif yarış geyimləri ilə fərqlənən Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, lV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Zöhrə Bakı gimnastika məktəbinin yetirməsi olaraq Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast kimi adını tarixə yazdırdı.
Budəfəki Avropa çempionatında gənclərdən ibarət qrup komandamız da 2 bürünc medala sahib çıxdı. Komandamızın üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova çoxnövçülük proqramında (58.450 xal) və 5 topla hərəkətlərin icrasında (29.000 xal) fəxri kürsünün üçüncü pilləsində yer aldılar. Gimnastlarımız bu nəticə ilə həm də ilk dəfə olaraq qitə çempionatında iki çıxış proqramında medal qazanmağa müvəffəq olan komanda kimi tarixi uğura imza atdılar.
Avropa çempionatı çərçivəsində Macarıstan gimnastı Fanni Piqnitski “Shooting star” Smartscoring mükafatı ilə təltif edildi. Eləcə də yerli təşkilat komitəsinin “Tamaşaçı rəğbəti” (gənclər arasında qrup komandaları), “Miss Press” (böyüklər arasında fərdi gimnastlar), “Komanda ruhu” mükafatları (böyüklər arasında qrup komandaları) təqdim olundu. Azərbaycanın gənclərdən ibarət qrup komandası “Tamaşaçı rəğbəti”, Rumıniya təmsilçisi Analiz Draqan “Miss Press”, Ukraynanın böyüklərdən ibarət qrup hərəkətləri komandası isə “Komanda ruhu” mükafatına layiq görüldü.
Təmsilçilərimizi tarixi uğur münasibətilə təbrik edir, daha da yüksək nailiyyətlər arzulayırıq!