09 avqust 2023
İyulun 30-dan avqustun 5-dək Azərbaycanın gimnastika hamı üçün növü üzrə yığma komandasının üzvləri Hollandiyanın Amsterdam şəhərində keçirilən Ümumdünya Gimnastradasına qatılıblar.
Hər 4 ildən bir keçirilən tədbirdə ölkəmizi baş məşqçi Ruslan Eyvazovun rəhbərliyi altında “Flame” komandasının tərkibində Mirzəzadə Səidə, Qafarova Humay, Zeynalzadə Ləman, Babaşova Aygül, Həsənova Fəridə, Məmmədzadə Reyhan, Mustafayeva Əminə, Sabitova Elnarə, Həsənli Türkan, Sabitov Timur, Orucova Günel, Hümbətova Milena, İsmayılova Aygün, Kərimova Selcan, Hətəmzadə Aylin, Mahmudzadə Xədicə, Ağamirova Türkan, Cahangirova Nərmin, Səfərli Samirə, Əliyeva Ayan, Fətəliyeva Rəna, Teymurzadə Sehri, Mahmudov Musa, Sabitova Safiya, Babayeva Leyla təmsil ediblər.
Qeyd edək ki, gimnastrada yarış ab-havası olmadan, izləyiciləri öz rəngarəngliyi, möhtəşəmliyi və müxtəlifliyi ilə təəccübləndirən dünya gimnastika bayramıdır. Burada bütün gimnastika növlərini təmsil edən müxtəlif yaş kateqoriyalarına, mədəniyyətə və s. malik idmançılar nümunəvi çıxışlarını təqdim edirlər. Tədbirin proqramına açılış mərasimi, qrup şəkilində çıxışlar, müxtəlif şoular, şəhər mərkəzində nümunəvi çıxışlar, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Qala-konserti və bağlanış mərasimi daxildir.
Səmimi dostluq şəraitində keçən builki, 17-ci Dünya Gimnastradası 56 ölkədən 19 000-ə yaxın iştirakçını bir araya gətirib.
Ölkəmizi təmsil edən “Alov” (“Flame”) komandası Amsterdamdakı RAI Konfrans Mərkəzində keçirilən möhtəşəm gimnastika bayramının bir hissəsini təşkil edib. İyulun 30-da baş tutan açılış mərasimində komandamızın üzvləri Timur Sabitov və Musa Maxmudov Azərbaycan nümayəndə heyətinin bayraqdarları olublar. Komandamızın üzvləri xeyir və şərin mübarizəsindən bəhs edən “Sülh gələcək” (“Peace will come”) adlı xeyir və şərin mübarizəsindən bəhs edən 10-dəqiqəlik kompozisiya nümayiş etdiriblər. Komandamızın çıxışı xarici nümayəndə heyətləri tərəfindən maraqla qarşılanıb. Yaponiya, Portuqaliya, Yunanıstan, İsveçrə ölkələrinin idmançılarımızı yaxından dəstəkləmələri onları çıxış zamanı daha da ruhlandırıb. Qeyd edək ki, komandamızın tərkibində Naxçıvan MR, Göyçay, İsmayıllı, Zaqatala, Mingəçevir, Ağdaş gimnastları da yer alıblar. Gimnastika hamı üçün növü üzrə yığma komandanın baş məşqçisi təmsilçilərimizin çıxışından razı qaldığını bildirib: “Komandamızın təqdim etdiyi “Sülh gələcək” adlı çıxış proqramı xeyir və şərin mübarizəsini əks etdirir. Mübarizənin sonunda sülh, dostluq və xeyirxahlıq qalib gəlir. Gimnastlarımızın çıxışından razı qaldım. Digər ölkə təmsilçiləri də rəngarəng çıxış proqramları təqdim etdilər. Mən deyərdim ki, biz bir gimnastika ailəsi kimi çıxış etdik”.