İdman

gimnastikadan

başlayır

Azərbaycanın akrobatika ulduzları öz çıxışları ilə Bakıdakı dünya çempionatında göz qamaşdırmağa çalışacaqlar

10 mart 2022

Azərbaycanın akrobatika ulduzları öz çıxışları ilə Bakıdakı dünya çempionatında göz qamaşdırmağa çalışacaqlar

Beynəlxalq Gimnastika Federasiyasının  mətbuat xidməti martın 10-dan 13-dək Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə dünya çempionatında ölkəmizi qarışıq cütlük tərkibində təmsil edəcək Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli haqqında məqalə dərc edib. Məqaləni oxucularımıza təqdim edirik.
Ölkələrində keçiriləcək akrobatika üzrə dünya çempionatında qarışıq cütlük - Raziyə Seyidli və Ağasif Rəhimov (AZE) diqqət mərkəzində olmağa hazırdırlar.
Öz boyundan təxminən üç dəfə yüksək olan məsafədən yerə baxarkən Raziyə Seyidli (AZE) qorxmadığını xatırlayır.
Onun əsas niyyəti idman zalında diqqəti cəlb etmək deyildi. Anası kiçik qardaşı Rəsulun idmana uyğun olduğunu düşünərək gimnastikaya gətirmişdi.
Bununla belə, məşqçi Raziyəni də yoxlamaq qərarına gəlir. Anasına bildirir ki, o, gimnast olmaq üçün lazımi fiziki keyfiyyətlərə malikdir. Məşqçi sınaq məqsədi ilə onu havaya qaldırır. O, gözlərini qırpsa da, heç nədən qorxmur. Çox keçmir ki, onlar az sonra akrobatika bölməsinə qəbul edilirlər.
Ağasif Rəhimov da fərqlənib – amma akrobatika gimnastikasında deyil, tamblinqdə. Bir neçə ildən sonra onun bu sahədə inkişafı zəiflədikdə, məşqçisi onun bacarıqlarını yenidən qiymətləndirərək 16 yaşlı Rəhimova özünü başqa bir idmanda sınamağı təklif edir.
"Mənim bədənim tamblinqə uyğunlaşa bilmədi", - deyə, o, xatırlayır. “2014-cü ildə milli komandanın Baş məşqçisi mənə akrobatika ilə məşğul olmağı tövsiyə etdi. Mən bu növdə özümu sınadım və uğur qazandım. Çıxış etdiyim ilk beynəlxalq yarışda qalib olduqdan sonra bu idman növünə marağım daha da artdı”.
Seyidli və Rəhimov Bakıda təşkil olunacaq akrobatika gimnastikası üzrə dünya çempionatında Azərbaycanın medal ümidləri sırasındadırlar. Üç ildir ki, birlikdə çıxış edən qarışıq cütlük dünyaya nəyə qadir olduqlarını göstərmək üçün yaranan böyük fürsəti səbirsizliklə gözləyirlər.
Keçən il iyul ayında İsveçrədə (Cenevrə) keçirilən dünya çempionatında 13-cü olan cütlük, iki ay sonra Avropa çempionatında heyrətamiz irəliləyiş nümayiş etdirərək, çoxnövçülükdə gümüş medal və temp hərəkətlərində bürünc medal qazanıblar.
“Uğurumuzun əsas sirri intensiv, sabit və gərgin məşqlərdir. Düşünürəm ki, biz bir idman cütlüyü olaraq bir-birimizə uyğun gəlirik. Qazandığımız əsas müdriklik odur ki, bir-birimizə güvənirik və başa düşürük”, - deyə Rəhimov əlavə edib.
Dünya çempionatı üçün onlar çıxışlarının bir hissəsi olan balans hərəkətlərinin çətinliyini artırıblar: hərəkətləri iki əllə yox, bir əllə yerinə yetirərək, elementlərin çətinlik səviyyəsini yüksəldiblər.
Bu, ölkələrində keçiriləcək akrobatika gimnastikası üzrə dünya çempionatında onlara əlavə üstünlük qazandıracaq.
“Hazırda ölkəmizdə bu idman növünün populyarlığı artıb. Təbii ki, yarışlarda əldə etdiyimiz nəticələrin də buna müəyyən təsiri olub”, - deyə Rəhimov bildirib.
Peşəkar idman karyerasını başa vurduqdan sonra 24 yaşlı idmançı fitnes mərkəzi açmağı və fəaliyyətini məşqçi kimi davam etdirmək  arzusundadır. 18 yaşlı Seyidli isə hələ ki, bu barədə düşünmür: “Mən hələ gimnast kimi böyük uğurlara imza atmaq niyyətindəyəm”.