04 fevral 2025
Kişi idman gimnastikası üzrə milli komandamızın üzvləri 18 yanvar – 4 fevral tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışlarında iştirak ediblər. Onlar, həmçinin 2 fevral tarixində Daşkənddəki Azərbaycan Mədəniyyət Evində keçirilən 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirə də qatılıblar. Gənclər ilk olaraq Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir proqrama uyğun davam edib.
Azərbaycan və Özbəkistan illər keçdikcə dostluq əlaqələrini daha da möhkəmləndirir. Bu dostluq iki ölkənin gimnastika federasiyalarının qarşılıqlı əməkdaşlığına da töhfə verir. Özbəkistan gimnastları mütəmadi olaraq Azərbaycanda keçirilən beynəlxalq turnirlərdə iştirak edir, eləcə də Bakıda təlim-məşq toplanışları keçirirlər. Müxtəlif dövrlərdə bədii gimnastika, idman gimnastikası, batut gimnastikası və tamblinq üzrə Özbəkistandan olan idmançılar Azərbaycana təlim-məşq toplanışları üçün gəliblər.
Dostluq və əməkdaşlığımızın davamlı olmasını arzu edirik.