04 aprel 2025
2-4 aprel tarixlərində paytaxtımızda keçirilən FIG "Gimnastika hamı üçün" kollokviumu uğurla yekunlaşdı. Dünyanın 39 müxtəlif ölkəsindən “Gimnastika hamı üçün” növü üzrə 52 nümayəndə bu mötəbər tədbirdə bir araya gələrək gimnastikanın gələcək inkişafı, inklüzivliyi və sosial təsiri haqqında dəyərli müzakirələr apardı.
Kollokviumun proqramına uyğun olaraq iştirakçılar gimnastika sahəsində yeni qaydalar və inkişaf strategiyaları, müxtəlif yaş qruplarına gimnastikanın təsiri və onun inklüzivliyinin artırılması, dünya səviyyəsində keçiriləcək yarışların tələbləri kimi mövzular ətrafında panel müzakirələri, qrup işləri və praktiki sessiyalarda iştirak etdilər.
Sessiyalardan sonra kollokvium iştirakçıları şəhər turu edərək Bakının gəzməli yerləri ilə tanış oldular. Daha sonra Milli Gimnastika Arenasına ekskursiya zamanı arenadakı şəraitlə tanış oldular, gimnastların hazırladığı xüsusi şouları izlədilər və onlar üçün arenanın parkında təşkil edilmiş şam yeməyində bir araya gəldilər.
FIG "Gimnastika hamı üçün" kollokviumu gimnastika dünyasının vacib məsələlərini gündəmə gətirərək idmanın qlobal inkişafına töhfə verməyə davam etdi. Bakı isə bir daha beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edərək öz qonaqpərvərliyini nümayiş etdirdi.