İdman
gimnastikadan
başlayır
05 iyun 2026
5–7 iyun tarixlərində Milli Gimnastika Arenasında keçirilən Akrobatika və Aerobika gimnastikası üzrə Dünya kuboku bu gün start götürüb. Üç gün ərzində idman, incəsənət və ustalığın vəhdətini nümayiş etdirəcək yarışlarda aerobika gimnastikası üzrə 7, akrobatika gimnastikası üzrə isə 11 ölkədən ümumilikdə 220-yə yaxın idmançı mübarizə aparır.
Yarışın ilk iki günü təsnifat mərhələsinə, son günü isə ən güclülərin müəyyənləşəcəyi final çıxışlarına həsr olunub.
Akrobatika gimnastikası üzrə iştirakçılar qadın cütlüyü, qadın qrupu, kişi cütlüyü, kişi qrupu və qarışıq cütlük proqramlarında balans və temp hərəkətləri ilə öz məharətlərini nümayiş etdirəcəklər. Aerobika gimnastikası üzrə isə fərdi çıxışlar, qarışıq cütlüklər, üçlüklər və qrup proqramları təqdim olunacaq.
Dünya kubokunda ölkəmizi aerobika gimnastikası üzrə üçlük tərkibində Sara Əlixanlı, Mədinə Mustafayeva və Vladimir Dolmatov, qadın qrupunda Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyeva, qarışıq cütlük proqramında Mədinə Mustafayeva və Vladimir Dolmatov, fərdi proqramda isə Sara Əlixanlı təmsil edirlər.
İlk təsnifat günündə çıxış edən Sara Əlixanlı fərdi proqramda 17.900 xalla çıxışını tammalayıb.
Akrobatika gimnastikası üzrə Azərbaycanı kişi cütlüklərində Daniel Abbasov və Murad Rəfiyev, Seymur Cəfərov və Rəsul Seyidli, qadın qrupunda isə Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil edirlər.
İlk təsnifat mərhələsində çıxışlarını başa vuran kişi cütlüyü Seymur Cəfərov və Rəsul Seyidli 26.950 xalla, Murad Rəfiyev və Daniel Abbasov 28.250 xalla, qadın qrupu Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva isə 28.480 xalla çıxışlarını tamamlayıblar.
Milli Gimnastika Arenasında qarşıdakı günlərdə yalnız medallar uğrunda mübarizə deyil, həm də çevikliyin, gücün, harmoniyanın və yüksək idman ustalığının təcəssümü izləniləcək.