İdman
gimnastikadan
başlayır
13 iyun 2026
13 iyun tarixində Fəvvarələr meydanında gimnastika festivalı coşqu ilə yadda qalıb. “Gimnastika hamı üçün” 4-cü Bakı Beynəlxalq “Challenge”nin ilk günü baş tutub.
Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və Litvadan gələn komandalar da iştirak ediblər. Ümumilikdə, tədbirdə 900-ə yaxın iştirakçı və 60 komanda yer alıb. Azərbaycanı yalnız paytaxt komandaları deyil, ölkənin müxtəlif bölgələrindən gələn iştirakçılar da təmsil ediblər.
Festival çərçivəsində Syerra Leone və Uqanda komandaları da çıxışlarını videoformatda təqdim edib. Bu təqdimatlar münsiflər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Müxtəlif yaş qruplarını əhatə edən proqramın ilk hissəsində ustad dərsləri keçirilib. Zumba, hip-hop və milli rəqs nümunələri iştirakçıların və izləyicilərin xüsusi marağına səbəb olub.
İştirakçılar iki yaş kateqoriyası — 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramlar üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Yaşından asılı olmayaraq bütün iştirakçıların enerjili çıxışları, xüsusilə də balaca gimnastların və 50 yaşdan yuxarı iştirakçıların nümayiş etdirdiyi performanslar tamaşaçıların böyük marağına və alqışlarına səbəb olub. Gözəl paytaxtımızda əsl gimnastika ab-havası hiss olunub.
Festivalın rəsmi açılışı iştirakçıların Bakı İdman Sarayından Fəvvarələr meydanında yerləşən əsas səhnəyə qədər təşkil olunan möhtəşəm yürüşü ilə başlayıb. Orkestrin müşayiəti ilə keçirilən yürüş, eləcə də komandaların səhnə çıxışları tamaşaçılara əsl bayram ab-havası yaşadıb.
Müxtəlif bölgələrdən gələn komandaların təqdim etdiyi proqramlar festivalın coğrafi əhatəsini və geniş miqyasını bir daha nümayiş etdirib.
Festival müddətində tamaşaçılarla əyləncəli müsabiqələr keçirilib və qaliblər AGF-nin sponsoru Smartondan dəyərli hədiyyələr qazanıblar.
Axşam saatlarında səhnəyə çıxan tanınmış müğənni Mərdan Kazımov festivalın əyləncəli atmosferini daha da yüksəldib. Sənətçinin ifa etdiyi ritmik və enerjili mahnılar tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Sonda komandalar çıxışlarının qiymətləndirilməsinin nəticələrinə əsasən I, II və III yerlər üzrə mükafatlandırılıblar.
Sabah festivalın sonuncu günündə komandaların qala şousu keçiriləcək, həmçinin təşkilatçılar tərəfindən təqdim ediləcək müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi baş tutacaq.