İdman

gimnastikadan

başlayır

Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib

01 avqust 2025

Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib

28 iyul-1 avqust tarixlərində Bakıda, Milli Gimnastika Arenasında ilk dəfə olaraq Avropa Gimnastikasının batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib. Avropa Gimnastikasının təşəbbüsü və Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə baş tutan bu təlim-məşqə Azərbaycanla yanaşı, İtaliya, Çexiya, Danimarka və İsveçdən olan idmançılar, məşqçilər və beynəlxalq ekspertlər qatılıb.

Təlim-məşq toplanışının əsas məqsədi iştirakçı gimnastların texniki və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də onların beynəlxalq yarışlara hazırlığının gücləndirilməsidir. Toplanışda tamblinq və ikili-mini batut üzrə məşqlər də keçirilib. Təlim-məşq toplanışında Avropa Gimnastikasının batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Babette van Wetering, vitse-prezidenti Luis Nunes və digər ölkələrin nümayəndələri Samuel Castro, Anette Dalsten, Sergio Lucas və Adil Hüseynzadə ekspert qismində çıxış ediblər.

Təlim-məşq toplanışının idman yönümlü hissəsi ilə yanaşı, iştirakçılar üçün maraqlı mədəni proqram da təşkil olunub. Ölkəmizə gələn gimnast və ekspertlər Bakının tarixini və müasirliyini əks etdirən görməli yerlərinə ekskursiya ediblər. Ölkəmizin zəngin tarixi, memarlığı və müasir inkişafı haqqında ətraflı məlumat əldə ediblər.