23 may 2021
21-23 may tarixlərində Bakı daha bir beynəlxalq gimnastika yarışına uğurla ev sahibliyi etdi.
Bu dəfə Milli Gimnastika Arenası dünyanın müxtəlif ölkələrindən yeniyetmə və gənc aerobika gimnastlarını qonaq etdi.
Azərbaycanda ilk dəfə keçirilən aerobika gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları Yarışlarında 18 ölkədən təxminən 200 nəfər idmançı birincilik uğrunda mübarizə apardı. Gimnastlar 12-14 və 15-17 yaş qruplarında fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə yarışdılar. Eləcə də, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınadılar.
Ölkəmizdə son dövrlərdə inkişaf etdirilməsinə baxmayaraq, aerobika gimnastikası üzrə təmsilçilərimiz iştirak etdikləri ilk dünya birinciliyində 3 proqram üzrə final mərhələsinə vəsiqə qazanmağı bacardılar.
Gimnastika tariximizdə ilk dəfə olaraq bu miqyasda yarışda 12-14 yaş qrupunda çıxış edən gimnastımız Məryəm Topçubaşova fərdi proqramda bürünc medal qazandı. Məryəm və onun qrup proqramı üzrə çıxış edən komanda yoldaşları Fidan İbrahimova, Evelina Kozlovskaya, Leyla Əhmədova və Aylin Əliyeva finalda 5-ci olub. Üçlük proqramı üzrə finalda çıxış edən Sara Əlixanlı, Sənəm Kazımova və Aliyə İsmayılova isə 7-ci yerdə qərarlaşıb.
Bundan başqa, 12-14 yaş qrupunda çıxış edən Məryəm Topçubaşova, Fidan İbrahimova və Evelina Kozlovskayadan ibarət daha bir üçlüyümüz 10-cu olub. Dünya birinciliyində 15-17 yaş qrupunda fərdi proqramda yarışan Dilarə Qurbanova 16-cı, qrup proqramında mübarizə aparan Leyla Abdullazadə, Arzu Ağayeva, Rövşanə Bağırzadə, Leyla Bejanova və Emiliya Mahmudova 10-cu yerdə qərarlaşıb.
Yarışların bütün nəticələri ilə bağlı məlumatı federasiyanın saytından əldə edə bilərsiniz: https://agf.az/az/competitions/the-9th-fig-aerobic-gymnastics-208