18 noyabr 2021
Bakıda keçirilən Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının ulduz səfirləri, Olimpiya oyunlarının üçqat mükafatçısı, batut gimnastikası üzrə dünya çempionu Karen Kokbern (Kanada) və batut gimnastikası üzrə dünya və Avropa çempionatlarının qalibi Devid Martin (Fransa) yarışların təşkilindən heyran olduqlarını bildiriblər.
Ulduz səfirlər bildiriblər ki, Bakıda çox gözəl Milli Gimnastika Arenası var, burada məşqlər və yarışlar üçün gözəl şərait yaradılıb. "Dünya çempionatı maraqlı keçir. Biz həm məşhur idmançıların, həm də yeni adların çıxışılarını izləyirik. Bakıda dünya çempionatında olmaqdan məmnunuq. Bu cür idman yarışının ulduz səfiri olduğumuz üçün qürur duyuruq. Bütün iştirakçılara uğurlar arzu edirəm" deyə, K.Kokbern bildirib.
"Azərbaycan Gimnastika Federasiyası yarışları çox gözəl təşkil edib. İdmançılar üçün gözəl şərait yaradılıb. Milli Gimnastika Arenasında gözəl mühit hökm sürür və biz burada olmaqdan, çempionatın bir hissəsi olmaqdan məmnunuq", - D.Martin bildirib.
O əlavə edib ki, gələn il batut gimnastikasının qaydalarında dəyişikliklər olacaq, çalışmaların kombinasiyaları çətinləşdiriləcək.
Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edəcək.
4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Trend, 18 noyabr 2021-ci il