İdman

gimnastikadan

başlayır

BAKI 2014-CÜ İL BƏDİİ GİMNASTİKANIN AVROPA PAYTAXTIDIR

23 yanvar 2014

BAKI 2014-CÜ İL BƏDİİ GİMNASTİKANIN AVROPA PAYTAXTIDIR

Bu il iyunun 13-15-də Bakıda bədii gimnastika üzrə 30-cu Avropa çempionatı keçiriləcək. Avropa birinciliyinə hazırlıq məsələləri və yarışın loqotipinin təqdimatı çempionatın keçirilməsi üzrə Təşkilat Komitəsinin sonuncu iclasının diqqət mərkəzində olub.

Qeyd olunur ki, "BAKU 2014" çempionatının rəsmi loqotipi yalnız tədbirin özünü deyil, həm də beynəlxalq səviyyədə Azərbaycanın paytaxtını irəli çəkən brenddir. Loqotipdə təsvir edilmiş halqa ilə qız çempionatın mahiyyətini əks etdirir və 2014-cü ildə bədii gimnastika üzrə Avropanın paytaxtı kimi Bakının statusunu möhkəmləndirir.

Dənizin rəngi Xəzərin sahilində Bakının coğrafi mövqeyinə görə brendinin rəngi kimi seçilib.

Xatırladaq ki, Avropa çempionatı Bakıda metronun "Koroğlu" stansiyası yaxınlığında inşa edilən Milli Gimnastika Arenasında keçiriləcək. Bu müasir tikili Bakının idman sahəsində yeni diqqətəlayiq obyektləri ilə bir sıraya daxil olacaq. Hazırda Arenada tikinti işləri tamamlanma mərhələsindədir.

İştirakçı ölkələrin nümayəndə heyətləri (30-dan çox olacağı gözlənilir) 2015-ci il I Avropa Oyunları üçün yarışların keçiriləcəyi yerin bilavasitə yaxınlığında tikilmiş Olimpiya şəhərciyində yerləşdiriləcək.

Çempionatın proqramında həm seniorlar (çoxnövçülükdə fərdi final və qrup komandalarının hərəkətləri), həm də yuniorlarının (ayrı-ayrı finallar və komanda hesabı) çıxışları nəzərdə tutulub. Ümumilikdə isə Bakıda gimnastlar 9 medal dəsti uğrunda mübarizə aparacaqlar.

Avropa çempionatını yerli, eləcə də xarici kütləvi informasiya vasitələri işıqlandıracaqlar. Mətbuat nümayəndələrinin özlərinə gəldikdə (TV, jurnalistlər, fotoqraflar, elektron KİV, bloqqerlər və başqaları), onlar aşağıdakı link vasitəsilə Avropa Gimnastika İttifaqının saytında onlayn qeydiyyatdan keçə bilərlər: fedintgym.com/mediamanager/...

Mətbuat üçün sifarişin verilməsinin son müddəti - 28 may 2014-cü ildir.