İdman

gimnastikadan

başlayır

Bakı növbəti Dünya Kubokunu uğurla yola saldı

18 noyabr 2018

Bakı növbəti Dünya Kubokunu uğurla yola saldı

Bu gün, Milli Gimnastika Arenasında mövsümün sonuncu beynəlxalq turniri – Akrobatika Gimnastikası üzrə Dünya Kuboku öz işinə yekun vurdu. 

Artıq ardıcıl olaraq, gimnastika növləri üzrə beynəlxalq yarışlara ev sahibliyi edən federasiyamız bu il ilk dəfə olaraq akrobatları paytaxtımıza topladı.

Yarışın ilk gününə gimnastların təsnifat çıxışları ilə start verildi. Daha sonra isə rəsmi açılış mərasimi baş tutdu. Qonaq ölkələrin bayraqlarının izdihamlı təqdimatının ardınca, açılış sözü ilə çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov ölkədə idmana ayrılan diqqət və qayğıdan danışaraq, gimnastika yarışlarının yüksək səviyyədə təşkilatçılığını da xüsusi vurğuladı. Rəsmi hissə bitdikdən sonra, mərasimin bədii hissəsinə start verildi. 

Federasiyanın hər zaman xüsusi önəm verdiyi açılış mərasiminin bədii hissəsində nümayiş olunan kompozisiya bu dəfə Azərbaycanın rəqslərinə həsr olunmuşdu. “Ölkəmin rəqsləri” adlı nümayişdə məhz gimnastika növləri üzrə yığma komandaların gimnast, məşqçi və xoreoqraf heyəti iştirak edirdi. Milli adət-ənənlərimizin və zəngin musiqi mədəniyyətimizin təbliğinə yönəlik çıxış hər kəs tərəfindən böyük rəğbətlə qarşılandı. 

Və yarışların son günü milli komandamız öz proqramlarını uğurla icra edərək, medalçılar sırasında öz yerlərini aldılar. Kişi cütlüyümüz Seymur Cəfərov və Murad Əkbərov, qarışıq cütlüyümüz Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı bir neçə aydır kuboka gedən hazırlıq məşqlərinin hesabatını, bu gün gümüş medal qazanaraq verdilər.

2 gün boyunca Dünya və Avropa Çempionatları mükafatçılarının icrasında möhtəşəm çıxışları izləmək şansını əldən verməyən Azərbaycan tamaşaçısı isə həm yerli, həm də xarici gimnastlara öz alqışları ilə böyük dəstək oldular.

Bununla da, Azərbaycan Gimnastika Federasiyası mövsümün sonuncu Dünya Kubokunu uğurla yola saldı.