23 avqust 2019
Bu günlərdə, Beynəlxalq Gimnastika Federasiyanın (FIG) İcraiyyə Komitəsinin Manaquada (Nikaraqua) baş tutan iclasında verilmiş qərara əsasən 2022-ci ildə Akrobatika gimnastikası üzrə Dünya Çempionatının təşkili Azərbaycan Gimnastika Federasiyasına həvalə olunub.
Çempionat 11-13 mart tarixlərində Milli Gimnastika Arenasında ilk dəfə olaraq baş tutacaq. Çempionatdan öncə isə 2-7 mart tarixlərində Dünya Yaş Qrupu yarışları da məhz paytaxtımızda eyni məkanda keçiriləcək.
Artıq bir neçə ildir ardıcıl olaraq, irimiqyaslı beynəlxalq yarışları yüksək səviyyədə təşkil edən federasiyanı qarşıda digər əhəmiyyətli çempionatlar da gözləyir.
Belə ki, bu ilin ən gözlənilən əsas yarışı - 16-22 sentyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatına artıq sayılı günlər qalıb. Növbəti il isə aerobika ulduzları Dünya Çempionatında yarışmaq üçün paytaxtımızda toplaşacaqlar (14-16 may). 2021-ci ildə isə daha bir dünya birinciliyi batut gimnastikası üzrə olacaq (11-14 noyabr).