28 iyul 2018
Bakı 2021-ci ildə batut gimnastikası və tamblinq üzrə Dünya Çempionatına ev sahibliyi edəcək. Bu qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin Ficidə baş tutmuş növbəti iclasında qəbul olunub. İcraiyyə Komitəsinin işində bu idman növü üzrə Avropa İttifaqının prezidenti Fərid Qayıbov da iştirak edib.
Son üç il ərzində Azərbaycanın paytaxtı gimnastikanın bu növü üzrə irimiqyaslı yarışlar keçirərək, 2016 və 2017-ci illərdə Dünya Kubokları, bu mövsüm isə idman həyatının ən yaddaqalan hadisələrindən biri olan Avropa Çempionatını uğurla təşkil edib. İndi isə respublikada genişmiqyaslı yarışların təşkili baxımından yeni bir zirvə ola biləcək Dünya Çempionatının da təşkili Bakıya həvalə olunub.
Çempionat 11-14 noyabr tarixlərində baş tutacaq. Ondan öncə isə paytaxtımızda batut gimnastikası üzrə yaş qrupları arasında Ümumdünya Yarışları keçirləcək.
Havada süzən gimnastlar üçün Bakıdakı çempionat Olimpiya Oyunlarından sonra ilk əhəmiyyətli start olacaq və ona görə də turnirdə illərin təcrübəsinə malik idmançılarla yanaşı, yeni adları da görə biləcəyik.
FIG-nin prezidenti Morinari Vatanabe İcraiyyə Komitəsinin qərarını belə şərh edib: “Biz çox şadıq ki, böyük turnirlərin təşkilini, məhz bu növlər - batut gimnastikası və akrobatika üzrə Dünya Çempionatlarını keçirtməmiş ölkələrə həvalə etdik. Bu qərar həmin regionlarda batut gimnastikası və akrobatikanın inkişafına təkan verəcək”.
FIG pres-relizinin qeydinə əsasən, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva batut gimnastikası və tamblinq üzrə Dünya Çempionatının məhz ölkəmizdə təşkilinin bu idman növünün populyarlaşmasında və inkişaf etməsində, həmçinin idman sahəsində beynəlxalq əlaqələrin möhkəmlənməsində böyük rol oynayacağından əminliyini ifadə edib.
Beləliklə, yaxın illər ərzində Azərbaycan gimnastikanın iki növü üzrə - 2019-cu ildə bədii gimnastlar arasında, 2021-ci ildə isə batut gimnastikası və tamblinq üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.
(Azərisport)