25 noyabr 2021
Noyabrın 25-də Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışları start götürüb.
Yaş Qrupları Yarışlarının ilk günündə təntənəli açılış mərasimi keçirilib.
Mərasim zamanı iştirakçı ölkələrin bayraqları nümayiş etdirilib. Azərbaycanın dövlət himni səsləndirilib.
Hakim, məşqçi və gimnastların adından andiçmə mərasimi keçirilib. İdmançıların adından Azərbaycan gimnastı Selcan Maqsudova and içib.
Daha sonra gimnastika növləri üzrə yığma komandaların üzvlərinin iştirakı ilə kompozisiya nümayiş etdirilib.
Yarışların ilk günündə 15-16 yaş qrupunda tamblinq, 17-21 yaş qrupunda ikili mini-batut, 13-14 yaş qrupunda batut üzərində fərdi hərəkətlərdə, 11-12 yaş qrupunda sinxron hərəkətlərdə təsnifat mərhələsi keçirilir.
Günün ikinci yarısında isə həmin növlərdə final mərhələsi baş tutacaq.
Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edəcək.
Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.
Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.
Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikası üzrə yarışlarda Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.