12 fevral 2022
Fevralın 12-də Bakıda, Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kubokunun təntənəli açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Mariana Vasileva ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğını vurğulayaraq, son illərdə Azərbaycanda batut və tamblinq növlərinin inkişafından danışıb. Cəmi üç ay əvvəl Azərbaycan Gimnastika Federasiyasının batut gimnastikası və tamblinq üzrə 35-ci Dünya Çempionatına və 28-ci Dünya Yaş Qrupu yarışlarına ev sahibliyi etdiyini deyən M. Vasileva Gənclər və İdman Nazirliyi adından yarış iştirakçılarına uğurlar arzulayıb.
Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü, yarışların Texniki Nümayəndəsi Tatyana Şuyska da öz növbəsində idmançıları salamlayaraq onlara uğurlar arzulayıb. O, Dünya kuboku üzrə yarışlara yeni qoşulan Hindistan və İran komandalarını iştirakçı ölkələr arasında görməkdən məmnun olduğunu bildirib. Texniki nümayəndə yarışların yüksək səviyyəli təşkilində zəhməti olan Dünya Kubokunun Yerli Təşkilat Komitəsinə və bütün könüllülərə təşəkkürünü bildirib.
Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Milli Gimnastika Arenasında keçiriləcək.
Yarışda 13 ölkədən 52 idmançı iştirak edir.
Yarışların ilk günü təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək. Qeyd edək ki, qədəm qoyduğumuz yeni Olimpiya dövründə batut gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifatda müvafiq olaraq 16 və ya 24 iştirakçı olur.
Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Mahsudova təmsil edir.