İdman

gimnastikadan

başlayır

Batut gimnastikası və tamblinq üzrə idmançıların qələbə mübarizəsi yekunlaşdı

23 fevral 2025

Batut gimnastikası və tamblinq üzrə idmançıların qələbə mübarizəsi yekunlaşdı

22 və 23 fevral tarixlərində Milli Gimnastika Arenası yenə dünya ulduzlarının bir-birindən maraqlı və həyəcanlı çıxışlarının şahidi oldu. İki gün davam edən mübarizədə 15 ölkədən idmançılar birincilik uğrunda yarışdılar. 
Kubokda ölkəmizi batut gimnastikası üzrə Selcan Mahsudova, Şəfiqə Hümbətova, Əli Niftəliyev, Mehdi Əliyev və Nicat Mirzəyev, tamblinq üzrə yarışlarda isə Tofiq Əliyev, Adil Hacızadə, Aleksey Karataşov və Hüseyn Əsədullayev təmsil etdi. 
Kubokun ilk günündə təsnifat mərhələsi baş tutdu. Bu mərhələdə milli komandamızın tamblinq üzrə təmsilçiləri Tofiq Əliyev və Adil Hacızadə, batut gimnastikası üzrə isə fərdi proqramda Selcan Mahsudova, qarışıq sinxron proqramda Selcan Mahsudova və Əli Niftəliyev, qadınlar arasında sinxron proqramda Şəfiqə Hümbətova və Selcan Mahsudova, kişilər arasında sinxron proqramda isə Mehdi Əliyev və Nicat Mirzəyev finala vəsiqə qazandılar.
Bu ildən böyüklər yaş kateqoriyasında çıxış edən Aleksey Karataşov təsnifat mərhələsində yaxşı çıxış sərgiləsə də, hər ölkədən finala 2 iştirakçı vəsiqə qazana bildiyi üçün Karataşov finalda yer almadı. 

Final mərhələsində də təmsilçilərimiz bizi sevindirdi. Belə ki, tamblinq üzrə idmançılarımız ölkəmizə 2 medal qazandırdı. Final mərhələsində çıxışı 28.800 xalla qiymətləndirilən Adil Hacızadə 1-ci yerə, Tofiq Əliyev isə 27.200 xalla 2-ci yerə layiq görüldü.
Batut gimnastikası üzrə qarışıq sinxron proqramda Selcan Mahsudova və Əli Niftəliyev 47.990 xalla 3-cü yerin sahibi oldular.

Yarışda təsnifat mərhələsində çıxışına görə ən yüksək icra xalı toplayan idmançılara AGF Trophy kuboku təqdim edildi. Batut gimnastikası üzrə kuboka Stanislu Yaskeviç (AIN), tamblinq üzrə idmançılar arasında isə Aleksandra Liyamina layiq görüldü. 

Bununla da, ilin ilk Dünya kubokunun sonuna gəldik. Qalibləri təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq!