İdman

gimnastikadan

başlayır

Batut gimnastikasında tarixi uğurumuz  

13 fevral 2022

Batut gimnastikasında tarixi uğurumuz  


Fevralın 12-13-də paytaxtımızda batut gimnastikası üzrə Dünya kuboku yarışları keçirildi. 
13 ölkədən 52 idmançının iştirakı ilə təşkil edilən yarışlar təmsilçimiz Selcan Mahsudovanın tarixi gümüş medalı ilə yadda qaldı. 
Təsnifat mərhələsini özünəinamlı çıxışı ilə başa vuran Selcan Mahsudova finalda hakimlərdən 52.780 xal toplayaraq gümüş medala  sahib çıxdı. 
Qeyd edək ki, bu medal Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında fərdi növdə qazanılan ilk medaldır.  
Qadınlar arasında fərdi növlərdə ilk pillədə Rusiya təmsilçisi İrina Kundius (53.900 xal) qərarlaşdı. İtaliya təmsilçisi Giorgia Giampieri (51.820 xal) isə bürünc medal qazandı. 
Fərdi kişi gimnastların mübarizəsində Belarus təmsilçisi, Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi  İvan Litvinoviç (61.850 xal)  bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxdı. Onun komanda yoldaşı Andrey Buylov  (60.800 xal) isə fəxri kürsünün ikinci pilləsində qərarlaşdı. Qazaxıstan idmançısı Dannil Mussabəyov (58.890 xal) bürünc medalla kifayətləndi. 
Qadınlar arasında Rusiya təmsilçisi Meri Qolota, kişilər arasında isə Belarus təmsilçisi İvan Litvinoviç icra üzrə ən yüksək xal toplayaraq “AGF Trophy” kubokuna sahibləndilər.
Qadınlar arasında sinxron batut proqramı üzrə Türkiyə-1 komandası 44.140 xalla 1-ci, İsveç cütlüyü 42.030 xalla 2-ci, Rusiya-2 komandası isə 32.790 xalla üçüncü pillədə qərarlaşdı.   
Kişilər arasında sinxron batut proqramı üzrə Belarus-2 komandası 52.810 xalla 1-ci, Rusiya-1 komandası 50.820 xalla ikinci, Portuqaliya komandası isə 49.960 xalla 3-cü oldu. 
Budəfəki yarışlara batut gimnastikası tarixində ilk dəfə olaraq İran və Hindistan komandalarının qatılması beynəlxalq mütəxəssislər tərəfindən bu növün inkişafı istiqamətindəki uğurlu addımlardan biri kimi dəyərləndirildi. 
Dünya kuboku həm də onunla yadda qaldı ki, paytaxtımıza təşrif buyuran idmançılar yarışlarda Beynəlxalq Gimnastika Federasiyasının növbəti Olimpiya dövründəki yeni qaydalarını sınaqdan keçirdilər. 
Qeyd edək ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə Dünya Kuboku Bakıda artıq beşinci dəfədir ki, təşkil olunur.  
Qeyd edək ki, ölkəmizdə pandemiya dövründə təşkil edilmiş digər yarışlar kimi bu çempionat da Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq icazəsi ilə baş tutdu.
Bu yarışda da karantin qaydalarına riayət olunması, insanlar arasında ünsiyyətin maksimum azaldılması, eləcə də Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qayda və tövsiyələrinə əməl olunması məqsədilə Yerli Təşkilat Komitəsi tərəfindən bir sıra addımlar atıldı.