14 aprel 2023
Bu gün paytaxtımızda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirinə start verilib. Yarışın açılış mərasimində çıxış edən Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə artıq 3-cü dəfədir ki, ölkəmizin bu yarışa ev sahibliyi etdiyini bildirib.
O qeyd edib ki, daha öncə 2018 və 2019-cu illərdə AGF Trophy beynəlxalq turniri Azərbaycanda uğurla keçirilib.
N. Məmmədzadə bildirib ki, əvvəlki illərdən fərqli olaraq, bu dəfə 14 ölkədən gənc və böyükyaşlı gimnastlar mübarizəyə qoşulub.
Baş katib əlavə edib ki, son illər ərzində gimnastika idman növündə əldə olunan uğurlar dövlətimiz tərəfindən ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin, ölkənin birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında görülən işlərin nəticəsidir.
Məlumat üçün bildirək ki, 14 ölkədən 119 gimnastın iştirakı ilə keçirilən “AGF Trophy” beynəlxalq turnirində Azərbaycanı ümumilikdə 38 gimnast təmsil edir.
Yarışda böyükyaşlı fərdi gimnastlar arasında təcrübəli idmançımız, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, 34-cü Beynəlxalq Qran-pri yarışının qalibi və gümüş mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının dördqat qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı Zöhrə Ağamirova, V İslam Həmrəyliyi Oyunlarının qalibi Alina Gözəlova, eləcə də bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçıları olan gənc gimnastlarımız mübarizəyə qoşulacaqlar.
Böyüklər arasında qrup hərəkərtləri proqramında isə dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının üçqat bürünc mükafatçısı, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi və gümüş mükafatçısı olan Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət yığmamızın üzvlərini xalça üzərinə çıxacaq.
Bununla yanaşı, gənclər arasında ölkəmizi qrup hərəkətləri üzrə iki komanda təmsil edəcək.