21 aprel 2023
Aprelin 21-də Bakıda bədii gimnastika üzrə Dünya kubokuna start verilib. Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov bədii gimnastika üzrə Dünya kuboku yarışlarının ölkəmizdə onuncu dəfə təşkil olunduğunu bildirib.
Ötən həftə paytaxtımızın bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirinə uğurla ev sahibliyi etdiyini vurğulayan E. Məmmədov Dünya kubokunda 40 ölkədən 135 idmançının iştirak etdiyini diqqətə çatdırıb.
Bədii gimnastika növündə qazanılan uğurlardan danışan şöbə müdiri ötən il Azərbaycanın qrup hərəkətləri üzrə yığma komandasının ölkəmizin gimnastika tarixində tarixi bürünc medala sahib çıxdığını və təmsilçilərimizin Avropa çempionatında 3 bürünc medal qazandığını xatırladıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya kuboku aprelin 23-nədək davam edəcək.
Yarışda ölkəmizi fərdi növdə Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina təmsil edir.
Yarışda qaliblər ayrı-ayrı alətlər üzrə və çoxnövçülük proqramında müəyyənləşəcək.
Ənənəyə uyğun olaraq, bu kubokda da ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” Kuboku təqdim olunacaq.