İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Azərbaycan idmançılarının reytinq cədvəlində liderliyə yüksəlib 

10 iyun 2022

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Azərbaycan idmançılarının reytinq cədvəlində liderliyə yüksəlib 

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə, milli komandaların idmançılarının 2022-ci ilin iyun ayı üçün reytinq cədvəlini açıqlayıb. 
Sevindirici haldır ki, siyahıda Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət yığma komandası bir pillə irəliləyərək liderlər sırasına yüksəlib. Belə ki, komandamız aprel ayında Bakıda və may ayında İspaniyanın Pamplona şəhərində təşkil edilən Dünya kuboklarında əldə etdiyi uğurlu nəticəyə əsasən 255 xalla 1-ci pillədə qərarlaşıb. 
4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova eyni yarışlardakı çıxışlarının yekun nəticəsinə əsasən 170 xalla 3-cü pillədə yer alıb. 
İdman gimnastımız Nikita Simonovun mart ayında Qətər və Misirdə, martın 31-dən aprelin 3-dək Bakıda, may ayında Bolqarıstanda keçirilən Dünya kuboklarında uğurlu çıxışı idmançımızın 125 xalla reytinq sıralamasında 6-cı pillədə yer alması ilə nəticələnib.  
Gənclər arasında dünya çempionatının gümüş və bürünc mükafatçısı, Avropa çempionatının bürünc mükafatçısı  Arzu Cəlilova aprel ayında paytaxtımızda keçirilən Dünya kubokunda qazandığı nəticəyə görə 115 xalla reytinq sıralamasının 8-ci pilləsindədir. 
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Reytinq əmsalının hesablanması ilk olaraq Olimpiya idman növləri üzrə (böyüklər arasında) nəzərdə tutulub. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.