04 iyun 2024
Və, nəhayət, gözlənilən xəbər! Böyük fəxr və sevinc hissi ilə bildiririk ki, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqəni təmin etməsi xəbəri Beynəlxalq Gimnastika Federasiyası tərəfindən rəsmi olaraq elan edildi. 22-26 may tarixlərində Macarıstanın Budapeşt şəhərində keçirilən builki Olimpiya Oyunları üçün qitə üzrə son lisenziya xarakterli yarışda - Avropa çempionatında millimiz çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xal toplayaraq siyahıda lisenziyanı daha öncədən təmin etmiş Bolqarıstan, İtaliya və İspaniya komandalarından sonra 4-cü yerdə qərarlaşıb. Qeyd edək ki, builki qitə çempionatlarında qrup hərəkətləri komandaları arasında yalnız bir lisenziya oynanılırdı. Budapeştdə keçirilən Avropa çempionatında artıq Olimpiya Oyunlarına lisenziya qazanmış 3 komandadan sonra ən yüksək nəticəni Azərbaycan əldə etdiyinə görə “Paris-2024” Olimpiya Oyunlarında iştirak haqqı qazanan ən güclülər sırasında bizim də millimiz yer alır.
Bununla da bu il baş tutacaq Olimpiya Oyunlarına gimnastika üzrə ölkəmiz indiyə qədər 3 lisenziya qazanmış oldu. Xatırladaq ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına gimnastikamız adına ilk lisenziyanı böyük fərdi gimnastımız Zöhrə Ağamirova əldə edib. O, həmçinin Tokio-2020 Olimpiya Oyunlarında da iştirak edərək Olimpiya Oyunlarında bədii gimnastika üzrə fərdi proqramda çıxış etmiş ilk gimnastımız kimi tarixə adını yazdırıb. İkinci lisenziya sevincini isə bizə batut gimnastikası üzrə təmsilçimiz Selcan Mahsudova yaşatdı. Belə ki, o, batut gimnastikası üzrə ölkəmiz adına ilk tarixi lisenziyanı qazanaraq ən yaxşıların siyahısına düşməyi bacardı. Qələbə sevincini bizə yaşatdıqları və bayrağımızı şərəflə dalğalandırdıqları üçün gimnastlarımıza təşəkkür edir, onlara ən güclülərin meydançasında bol uğur arzu edirik!