08 iyul 2022
Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə, milli komandaların idmançılarının 2022-ci ilin iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.
Sevindirici haldır ki, siyahıda Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət yığma komandası liderliyini qoruyub saxlayıb. Belə ki, komandamız aprel ayında Bakıda və may ayında İspaniyanın Pamplona şəhərində təşkil edilən Dünya kuboklarında, iyun ayında İsrailin Tel-Əviv şəhərində keçirilən Avropa çempionatında əldə etdiyi uğurlu nəticəyə əsasən, 435 xalla birinci sırada qərarlaşıb. Xatırladaq ki, komandamız ötən ayın reytinq sıralamasında da birinci pillədə yer almışdı.
4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, bədii gimnastımız Zöhrə Ağamirova eyni yarışlardakı çıxışlarının yekun nəticəsinə əsasən, bir pillə irəliləyərək, 250 xalla 2-ci pilləyə yüksəlib.
İdman gimnastımız Nikita Simonovun mart ayında Qətər və Misirdə, martın 31-dən aprelin 3-dək Bakıda, may ayında Bolqarıstanda və iyun ayında Xorvatiyada keçirilən Dünya kuboklarında uğurlu çıxışı idmançımızın 165 xalla reytinq sıralamasında 6-cı pillədə yer alması ilə nəticələnib.
Gənclər arasında dünya çempionatının gümüş və bürünc mükafatçısı, Avropa çempionatının bürünc mükafatçısı Arzu Cəlilova aprel ayında paytaxtımızda keçirilən Dünya kubokunda və son Avropa çempionatındakı çıxışlarının nəticəsinə görə 160 xalla reytinq sıralamasının 7-ci pilləsindədir.
Batutçumuz Selcan Mahsudova ölkəmizdə və İsveçrədə keçirilən Dünya kuboku və İtaliyada keçirilən Avropa çempionatında çıxışlarının yekununa əsasən 105 xalla 12-ci sıradadır.
İdman gimnastımız İvan Tixonov mart ayında Qətərdə, iyun ayında Xorvatiyada keçirilən Dünya kuboklarında çıxışlarının yekununa əsasən 90 xalla 19-cu pillədə yer alıb.
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Reytinq əmsalının hesablanması ilk olaraq Olimpiya idman növləri üzrə (böyüklər arasında) nəzərdə tutulub. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.