İdman

gimnastikadan

başlayır

Bədii gimnastımız dünya çempionatının finalında çıxış edib

14 sentyabr 2022

Bədii gimnastımız dünya çempionatının finalında çıxış edib

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə 39-cu dünya çempionatına start verilib. Xəbər verdiyimiz kimi, yarışda ölkəmizi fərdi növdə yığma komandamızın üzvləri Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri yığması təmsil edir. 
Yarışın ilk günü gimnastlar fərdi növdə top və halqa ilə hərəkətləri icra ediblər. Komandamızın lideri, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş, İslam Həmrəyliyi Oyunlarının dördqat qızıl, gümüş və bürünc mükafatçısı Zöhrə Ağamirova uğurla çıxış edərək halqa ilə hərəkətlərin icrasında finala vəsiqə qazanıb. Hakimlərdən 31.150 xal alan idmançımız həlledici mərhələdə çıxışını 6-cı pillədə başa vurub. 
Sabah fərdi növdə gürzlər və lentlə hərəkətlərin icrası üzrə keçiriləcək təsnifat mərhələsində komandamızın üzvləri Zöhrə Ağamirova və İlona Zeynalova hər iki proqramda qüvvələrini sınayacaqlar. 
Qeyd edək ki, sentyabrın 16-da qrup hərəkətləri üzrə yığma komandalar mübarizəyə qoşulacaq. Avropa çempionatının üçqat bürünc, V  İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl və gümüş mükafatçısı olan komandamızın üzvləri 3 lent və 2 top eləcə də, 5 halqa ilə proqramlarını nümayiş etdirəcəklər.