06 may 2023
Bu dəfə bədii gimnastlar Lənkəran şəhərində bir araya gəldilər.
Paytaxt Bakıda keçirilən Azərbaycan çempionatı və Bakı birinciliyinin ardınca mayın 6-sında ilk dəfə olaraq Lənkəran Olimpiya İdman Kompleksi öz qapılarını 7-ci Bölgələrarası kubokda bədii gimnastların üzünə açdı.
Yarışda “Ocaq Sport” Klubunun Zaqatala, Şamaxı, Ağdaş bölmələri, Abşeron, Naxçıvan, Masallı, Sumqayıt, Lənkəran, İsmayıllı, Qusar, Göyçay Olimpiya İdman Kompleksi, Mingəçevir - “Kür” Olimpiya Tədris-İdman Mərkəzindən 36 gimnast çempion adı uğrunda mübarizəyə qoşuldu.
Bölgə gimnastları balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-cu il) yaş kateqoriyasında yarışın ən güclüsünü müəyyənləşdirdilər.
Balacalar - alətsiz, gürzlər, lent, yeniyetmələr - alətsiz, top, gürzlər, gənclər isə - halqa, top, gürzlər və lentlərlə çıxışlarını nümayiş etdirdilər. Gimnastikanın ən zərif nümayəndələrinin maraqlı və gərgin mübarizəsinin yekununda qaliblər çoxnövçülük proqramında müəyyənləşdi.
2013-cü il təvəllüdlü balacalar arasında Məmmədova Sədəf (“Ocaq Sport” Klubunun Zaqatala bölməsi), Hacızadə Fidan (Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzi), Ağazadə Zəhranur (Masallı OİK) müvafiq olaraq qızıl, gümüş və bürünc medallar qazanıblar.
2014-cü il il təvəllüdlü balacalar arasında Sulxayeva Zara (“Ocaq Sport” Klubunun Zaqatala bölməsi), Abbaszadə Şəhla (“Ocaq Sport” Klubunun Şamaxı bölməsi), Sangur İlay (Naxçıvan OİK) müvafiq olaraq fəxri kürsünün ilk üç pilləsinə yüksəliblər.
2015-ci il təvəllüdlü balacalar arasında Həsrətova Leyla (“Ocaq Sport” Klubunun Zaqatala bölməsi), Kərimli Nilufər (Naxçıvan OİK), Mustafayeva Mədinə (Şəmkir) ilk üçlükdə yer almağa müvəffəq olublar.
2011-ci il təvəllüdlü yeniyetmələr arasında Mahmudlu Mələk (“Ocaq Sport” Klubunun Zaqatala bölməsi, Hacıyeva İlknur (“Ocaq Sport” Klubunun Zaqatala bölməsi) və Baxışova Nazlı (Mingəçevir) müvafiq olaraq fəxri kürsünün 1-ci, 2-ci və 3-cü pilləsində qərarlaşıblar.
2012-ci il təvəllüdlü yeniyetmələr arasında Məmmədova Firuzə (“Ocaq Sport” Klubunun Zaqatala bölməsi) 1-ci, Musayeva Sevgi (“Ocaq Sport” Klubunun Zaqatala bölməsi) 2-ci, Mustafazə Rəfiqə (Abşeron OİK) isə 3-cü olub.
Gənclər yaş kateqoriyasında (2008-2010-cu il) isə Kərimova Selcan (Göyçay OİK), Ağazadə Ayan (Sumqayıt OİK) və Kərimova Nazlı (Masallı OİK) ilk üç pillədə yer alıb.
Qeyd edək ki, bu, 2023-cü ildə Azərbaycan Gimnastika Federasiyası tərəfindən bölgələrdə keçirilən ilk yarışdır. Bölgələrdə gimnastikanın inkişafını daim diqqətdə saxlayan AGF ötən il 3 yarışı məhz bölgədə təşkil etmişdi. Əlbəttə ki, bölgələrində gimnastika yarışlarının təşkili idmançılarının öz peşəkarlıqlarını artırmaları, idmanın və gimnastikanın inkişafı və kütləviliyin artırılması baxımından böyük əhəmiyyət kəsb edir.